"Bizim üçün heç də asan olmayan mövsümü çempion kimi başa vurduq. Bundan sonra önəmli olanı Çempionlar Liqasında müvəffəqiyyətlərimizi davam etdirməkdir". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana deyib.
O, komandasının çempion olduğu mövsümdə hansı çətinliklə üzləşməsindən danışıb: "Çətin olan məşqlər keçməyimiz, oyunları ciddi qəbul etməyimiz. özümüzü onlara kökləməyimizdir. Bir tərəfdən asan oldu, bir tərəfdən də çətin. Ancaq ümumilikdə götürdükdə, mövsüm çətin oldu".
Azərbaycan Premyer Liqasında debüt mövsümündə vurduğu 15 qolla bombardir olan legioner bu uğurunu belə dəyərləndirib: "Mövsümün əvvəlindən məqsədimiz çempion olmaq idi. Bunu da sonda əldə etmiş olduq. Bombardirlik mənin üçün ikinci dərəcəli müvəffəqiyyətdir. Təbii ki, bu, ilk növbədə şəxsi nailiyyətdir".
Dani bombardiRlər yarışında özünə əsas rəqib kimi yalnız son turda keçdiyi "Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilyanı görüb: "Təbii ki, Bonilya bütün ilboyu bombardirlər yarışında liderlik edirdi. "Rəvan"la oyunda 3 qol vurduqdan sonra da fikirləşdi ki, yəqin özü olar. Ancaq bu gün qol vuraraq onu keçdim. Hesab etmirəm ki, Nelson son turda oynamamaqla bəxtim gətirdi. Ona qalsa, mən də keçən həftə oynamamışdım".
Kintana "Neftçi" ilə qarşıdakı final oyununda şansları bərabər dəyərləndirib: "Biz bu gün çempionluğu qeyd edirik. Sabahdan etibarən kubokun finalına hazırlaşacağıq. Mənə elə gəlir ki, bu da çətin bir matç olacaq. Final oyunlarında qələbə şansı həmişə 50-nin 50-yə olur. "Neftçi" bu mövsüm heç nə əldə etmədiyinə görə finala maksimum dərəcədə ciddi yanaşacaq. Bu, işimizi daha da çətinləşdirəcək".