"Yasin Hamid "Xəzər Lənkəran”la oyunun ertəsi komandamızdan getdi. Bildiyimə görə, "Kəpəz”ə gedib. Yəqin ki, Gəncə klubu ona lazım olandan çox pul təklif edib. Təbii ki, belə olan halda gedəcəkdi". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
O bildirib ki, ukraynalı hücumçu faktiki potensialından çox maddi təklif aldığına görə komandada qalmadığını bildirib.
Həsənovun sözlərinə görə, Hamid "Rəvan"da pulsuz oynayıb: "O, bizdə maaşsız, çox az məbləğə oynayırdı. Ona maaş da demək olmur. Düzdür, potensialı vardı. Gələcəkdə qiyməti qalxa bilərdi. Özü ilə söhbət etmişdim. Bəzi problemləri vardı ki, buna görə fərdi hazırlıq proqramı tutmuşduq. Çox təəssüf edirəm ki, Yasin bizdən ayılrdı. Onun gedişini və Məmməd Quliyevin "İnter"ə keçdiyini bilirəm".
Baş məşqçi əsas qapıçı Rəşad Əzizlinin də başqa kluba keçmə söhbətinin olduğunu söyləyib: "Ancaq məsələ hələ həllini tapmayıb. Qapıçılarla işləyən məşqçimizdən soruşdum ki, kimi sərəncamında görmək istəyir. O da təklifini dedi. Həmçinin, bildirdi ki, ki, Rəşadın harasa keçdiyi, yoxsa qaldığı bir neçə günə bilinəcək".
Qeyd edək ki, Rəşad millimizdə qapıçılarla işləyən məşqçi Faiq Əzizlinin oğludur.