"Budaq Nəsirovu icarədən qaytarmışıq. Çünki o, müqavilə ilə bizim futbolçudur. Başa düşürəm ki, Budağın "Sumqayıt”a qayıdışı müzakirə obyekti oldu. Biz də istəyərik ki, Nəsirov artsın. Ancaq bu gün "Sumqayıt"a lazımdırsa, əlbəttə, komandamıza qayıtmalıdır". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib. O, ötən mövsüm "Kəpəz”ə icarəyə verdikləri futbolçusu Budaq Nəsirovu qaytarmalarına münasibətini bildirib.
Sultanov deyib ki, 21 yaşlı yarımmüdafiəçi "Sumqayıt"a lazım olmasaydı, "Kəpəz”də qalmalarına imkan yaradardılar: "Fərqi nədir ki, bu komandada oynasın, yoxsa o birində. Biz də istəyirik ki, futbolçu oynayıb artsın. Budaq bizim futboludur axı. Özümüzə lazım olduğu halda, onu necə başqa komandaya icarə bilərik? Bildiyiniz kimi, yerli futbolçulara üstünlük veririk. Nəsirov yaxşı futbolçu olandan sonra niyə qaytarmayaq? Legioner götürsəydik, deyərdik ki, əcnəbi futbolçumuz var, Budağı verək "Kəpəz”ə, yaxşı oynayır, xeyir verir. Ancaq bizim özümüzə də lazımdır”.
Baş menecer Nəsirovun "Kəpəz”də oynadığı 1 ildə artırdığı ilə razılaşır: "Əlbəttə, 1 ildə artım olmasaydı, qaytarmağımız nə dərəcədə düzgün olardı? Yaxşı oynamasaydı, bizə onu necə qaytarardıq? Deyərdik ki, elə "Kəpəz”də qalsın. Hər halda, futbolçu oynadıqca özünü tanıtdırır, klublar ondan asılıdır”.
"Kəpəz” hesab edir ki, Avropa Liqasında ölkəmizi təmsil etdiyindən, "Sumqayıt” ona güzəştə getməli idi. Hər halda, baş məşqçi Şahin Diniyevin bununla bağlı saytımıza açıqlaması olmuşdu. Buna münasibətini bildirən Sultanov keçmiş komandasının turnirdə çıxışını dəyərləndirib: "Başa düşürəm ki, "Kəpəz” Avropa Liqasında çıxış edir. 1-2 oyundan sonra bitdi, ardından çempionat başladı. Həmin vaxt da Budaq bizə lazımdır. Açıq deyirəm ki, "Kəpəz”də heyətdə gücləndirmə olmasa, inanmıram ki, 1-ci mərhələdən sonra uğur qazanar. Çünki baxdığıma görə çox futbolçu gedib, heyətdə boşluqlar var”.