"Kəpəz"in baş məşqçisi Şahin Diniyev yeni trasnferlər Renan Da Silva Alveslə Serjinyonu dəyərləndirib. Hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan Gəncə klubunun çalışdırıcısı Sportnet.az-a açıqlamasında Portuqaliyanın 2-ci liqasından gələn futbolçuların hazırkı səviyyələrindən danışıb.
Diniyevin sözlərinə görə, yeni legionerlərin zamana ehtiyacları var: "Biz mərkəz müdafiəçisi və oyun qurucusu mövqeyinə futbolçular lazım idi. Renan stopper, Serjinyo isə pleymeykerdir. Braziliya əsilli futbolçulardır. Serjinyo Portuqaliyanın U-20 yığmasında oynayıb. Hələlik hər ikisi üzərində fiziki hazırlıqla bağlı iş gedir. Onların daha çox fiziki durumlarını yüksəltmək istəyirik. İlk baxışdan pis deyillər. Amma oyunlardan sonra dəqiq fikir söyləmək mümkündür. Mən onların oyunlarını görmüşəm. Komandaya necə adaptasiya olunacaqlarını zaman göstərəcək".
Baş məşqçi imzalanacaq müqavilənin müddətinə də toxunub: "Yəqin ki, 1 illik müqavilə bağlayacağıq. Bu futbolçulardan sonra trasnferlərin bitdiyini, heyətimizin komplektləşdiyini demək olar".
Xatırladaq ki, "Kəpəz" Avropa Liqasında ölkəmizi təmsil edəcək 4 klubdan biridir.