Rusiyanın "Volqa" klubu dağılıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Nijni-Novqorod təmsilçisi növbəti mövsüm I Divizionda çıxış etməyəcək.
"Volqa" rəhbərliyi qərarı maddi problemlər və legionerlərinə müqavilə olan borcları ödəyə bilməmələri ilə izah edib. Onlar borcların azalmasına çalışsalar da, klub daim sanksiyalara məruz qalıb. Nəticədə yeni futbolçuları qeydiyyatdan keçirə bilməyən "Volqa"dan növbəti mövsümdə xalların silinməsi təhlükəsi yaranıb. Üstəlik, heyəti kompektləşməyən komandada cəmi 11 futboçu qalıb. Bütün bunlar "Volqa"nın gələcək fəaliyyətini perspektivsiz edir.
Məlum olduğu kimi, "Volqa" Premyer Liqada çıxış edəndə - 2011-2012 mövsümünün ilk yarısında Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov onun şərəfini qoruyub. Göründüyü kimi, Cavadovun keçmiş klubları bir-bir dağılır. Rəsmi debüt edə bilmədiyi "Tvente" mayda Hollandiyanın ikinci liqasına göndərilib. "Xəzər Lənkəran" da "Volqa" ilə eyni problemə görə dağılıb. "İnter" legionerlərinə borcları üzündən UEFA sanksiyasına məruz qalıb və Avropa Liqasına vəsiqədən bir mövsümlük məhrum edilib. Ötən mövsümü I Divizionda keçirən "Bakı"nın da ciddi maddi problemləri, legionerlərə olan borcları var. "Qaziantep BB" ilə "Boluspor" Türkiyə I Liqasında mövsümü, müvafiq olaraq, 8-ci və 12-ci pillələrdə başa vurub. Cavadovun ötən mövsümün ilk yarısında çıxış etdiyi "Qəbələ" büdcəsini kəskin azaldaraq, aparıcı futbolçularının əksəriyyəti ilə vidalaşıb.
Qeyd edək ki, Vaqif Cavadov 2016-cı ilin yanvarından "Sumqayıt"da çıxış edir. Cavadov bir neçə gün öncə klubla müqaviləsini 2017-ci ilin iyununadək uzadıb.