Azərbaycan klubları "Dalğa Arena"da avrokubok matçlarında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Sportnet.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən stadionda 7-ci matçımız "Kəpəz"lə olub. Gəncə klubu Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə həmin stadionda qolsuz bərabərliyə qalıb.
"Dalğa Arena"da debüt matçda da məhz bu nəticənin qeydə alınması diqqət çəkir. Bu, 2012-ci ildə Avropa Liqasında "Bakı" - "Mura" (Sloveniya) oyununda olub. Adıçəkilən stadionda digər oyunlarımız da həmin ilin yayında olub. "İnter" Avropa Liqasında ilk olaraq "Trans"a (Estoniya) qalib gəlib (2:1), ardından "Asteras"la (Yunanıstan) heç-heçə edib - 1:1.
"Neftçi" isə 4 il öncə "Dalğa Arena"da əvvəlcə Çempionlar Liqası (ÇL), daha sonra Avropa Liqası matçına çıxıb. Avropanın ən nüfuzlu klub turnirində "Zestafoni" (Gürcüstan) ilə matç 3:0 hesablı qələbəmizlə nəticələnib. "Neftçi" "Hapoel"lə (Kryat Şmona, İsrail) ÇL görüşündə isə 2:2 hesablı bərabərliyə qalıb. Bu nəticə ilə mübarizəni Avropa Liqasında davam etdirən komanda pley-offda "APOEL"lə (Kipr) görüşdə də qollu heç-heçəyə imza atıb.
Göründüyü kimi, klublarımız "Dalğa Arena"da daha çox heç-heçə edib. Bu, "Kəpəz" kimi ilk oyunda olanda 2 dəfə mərhələ keçməmişik. Bu, "Bakı"nın 0:0 və "İnter"in 1:1 hesablı bərabərliklərinə aiddir. Yalnız "Neftçi" APOEL-lə heç-heçə edəndən sonra cavab matçında qalib gələ bilib - 3:1. Bu, Azərbaycanın qrup mərhələsinə düşdüyü nəticə kimi futbol tarixinə düşüb.