"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Gürcüstanın "Samtredia" klubunun bir sıra üzvləri beynəlxalq təcrübəyə malikdirlər. Sportnet.az-ın məlumatına görə, bu komanda 21 ildən sonra avrokuboklara çıxsa da, onun bir neçə futbolçuusu və baş məşqçisi Giya Tsetsadze UEFA bayrağı altında yarışda böyük uğur qazanıblar.
Bu, Gürcüstanın U-19-da olub.
Məsələ ondadır ki, Tsetsadze 2013-cü ildə bu yığmayla Avropa çempionatının final mərhələsinə çıxmaqla ölkə futbolunun tarixinə düşüb.
Həmin ilin mayında Belçikada təşkil olunan elt-raundda Giya Tsetsadzenin yetirmələri çox çətin qrupa düşüblər. Belə ki, gürcülərin rəqibləri meydan sahibləri ilə yanaşı, britaniyalılar - İngiltərə və Şotlandiya olub. Ancaq həmin 6-cı qrupunun qalibi gözlənilmədən Gürcüstan olub.
Startda İngiltərə ilə 1:1 hesablı bərabərliyə qalan Giya Tsetsadzenin komandası ardından qazandığı 2 qələbə (Şotlandiyaya 3:1 və Belçikaya 2:0) ilə 7 xalla qrup lideri olub. Bu, gürcülərə final mərhələsinə vəsiqə qazandırıb.
Düzdür, qonşu ölkənin təmsilçisi orada 1 xalla qrup sonuncusu olub. Həmin xal startda Fransa ilə qolsuz bərabərliklə qazanılıb. Ardından Serbiya Gürcüstana 1:0, Türkiyə 4:2 hesabı ilə qalib gəlib.
Həmin vaxt Giya Tsetsadzenin sərəncamında olan U-19 üzvlərindən müdafiəçilər David Mtivlişvili, Nika Sandoxadze, yarımmüdafiəçləri Daçi Tsnobiladze, Teymuraz Markozaşvili, Baçana Arabuli və hücumçu Budu Zivzivadze indi "Samtredia"da rəhbərliyi altında çıxış edirlər. Bu 6 futbolçu həmin vaxt U-19-un əsasının təşkil olunduğu 1994-cü il təvəllüdlü futbolçulardır ki, indi onların 22 yaşı var.