Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəqib ötən mövsümü Türkiyə Super Liqasında keçirmiş "Antalyaspor” olub.
Boludakı "Koru Otel”in meydançasında baş tutan matç gərgin idman mübarizəsi və qarşılıqla hücumlar şəraitində keçib. Görüş AZAL-ın qələbəsi ilə yekunlaşıb - 2:1. Bütün qollar penaltidən vurulub. Təmkin Xəlilzadə 18 və 85-ci dəqiqələrdə "ağ nöqtə”dən dəqiq zərbə vurub. Rəqibin penaltisini isə 55-ci dəqiqədə Zəki dəqiq yerinə yetirib.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bu görüşdə aşağıdakı futbolçulara şans verib: Ruslan Məcidov, Eltun Yaqublu (Novruz Məmmədov, 86), Oskar Klyava, Laşa Kasradze, Şəhriyar Rəhimov, Asif Mirili, Luis Ramos, Təmkin Xəlilzadə, Tomi Kostadinov (Viktor İbekoyi, 63), Eduardo Konseysao Masiel, Freddi Mombonqo (Con Enrike Kordoba, 72).
Beləliklə, AZAL Türkiyədəki yoxlama oyunlarında ikinci qələbəsini qazanıb. Azərbaycan təmsilçisi bunadək əvvəlcə İran U-21 ilə heç-heçə (2:2) oynayıb, sonra "Mersin İdman Yurdu”na qalib gəlib (2:1) və ardından "Balıkesirspor”a yenilib (1:2). Son yoxlama oyunu iyulun 27-də Gürcüstan 1-ci divizionunun aparıcı komandalarından olan "Kolxeti 1913”ə qarşı olacaq.