Azərbaycan Premyer Liqasında 2016/17 mövsümündə ilk turdakı oyunlardan 2-si 2 il öncəki çempionatın təkrarı olacaq. Sportnet.az-ın məlumatına görə, 2014/15 mövsümünün ilk turunda da "Neftçi" ilə AZAL və "İnter"lə "Qarabağ" üzləşib.
Sadəcə, fərq ondadır ki, onda meydan sahibi olan "Neftçi" ilə "İnter" bu dəfə qonaq qismində çıxış edəcəklər. "Neftçi" 2 il öncə startda AZAL-ı evdə böyükhesabla məğlub edib - 4:1. "Qarabağ" isə "İnter"lə səfər matçından qalib ayrılıb - 2:1. Ağdam təmsilçisi həmin mövsümdə 2-ci çempionluğunu və 2-ci "qızıl dubl"unu qazanıb. "İnter" Premyer Liqanın gümüş medalına yiyələnib, "Neftçi" kubokun finalçısı kimi Avropa Liqasına çıxıb, AZAL isə avrokuboklardan kənarda qalıb.
AZAL çempionatda "Neftçi" ilə evdə 7 il öncə də başlayıb. Onda da "ağ-qaralar" qələbə qazanıb - 1:0. "İnter"lə "Qarabağ" isə 4 il öncəki çempionatda mübarizəyə öz aralarında matçla başlayıb. Həmin vaxt da "İnter" meydan sahibi olub və matç 1:1 hesabı ilə nəticələnib.
İlk turdakı qarşılaşmalardan əvvəlkilər
2009/10 mövsümü
16 avqust
AZAL – "Neftçi” – 0:1
2012/13 mövsümü
5 avqust
"İnter” – "Qarabağ” – 1:1
2014/15 mövsümü
3 avqust
"Neftçi” – AZAL – 4:1
4 avqust
"İnter” – "Qarabağ” – 1:2
Qeyd edək ki, ilk turda "Qəbələ" - "Kəpəz" və "Zirə" - "Suçqayıt" əvvəllər ilk turda olmayıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə haızrlanıb