"Qarabağ” Avropa klublarının UEFA-dakı reytinq siyahısında yenə irəliləyib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Çexiyada "Viktoriya” ilə qolsuz heç-heçə edən Ağdam təmsilçisi sıralamada 1 pillə yüksələrək, 116-cı yerdə qərarlaşıb.
Hesabına 0,075 xal əlavə edən çempionumuz son 5 mövsümün nəticələrinə əsasən əmsalını 14.100-ə çatdırıb.
Bu siyahıda klublarımız arasında ən yüksək göstəriciyə malik Ağdam təmsilçisi xallarının 1,900-ü cari mövsümdə qazanıb. Qalanlarının sıralaması belədir: 2012/13 mövsümü - 0,600, 2013/14 mövsümü - 2,000, 2014/15 mövsümü - 5,725, 2015/16 mövsümü - 3,875 xal. Göründüyü kimi, ən çox xal "Qarabağ" Avropa Liqasının qrupuna düşdüyü son 2 mövsümdə toplanılıb.
Cari mövsümə 120-ci pillədə başlayan Qurban Qurbanovun komandası ÇL-in II təsnifat mərhələsində Lüksemburqun "Deüdelanj" klubunu keçəndən (evdə 2:0, səfərdə 1:1) 117-ci pilləyə yüksəlmişdi. Yəni Premyer Liqamızın son 3 mövsümünün qalibi 2016/17 mövsümü başlayandan UEFA-da artıq 4 pillə irəliləməyi bacarıb. "Qarabağ"ın ən yaxın izləyiciləri İngiltərə Premyer Liqasına qayıdan "Hall Siti" ilə ÇL-in iştirakısı "Astana"dır.
Qeyd edək ki, UEFA-da klubların reytinq siyahısına ÇL-in son qalibi olan, 144,428 xala malik "Real" başçılıq edir.