"Yaxşı komplektləşmiş komandaya qarşı oynadıq". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov Türkiyənin "Göztəpə" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra deyib.
Gənc mütəxəssis bildirib ki, komandası rəqibin özünəməxsus oyun üslubuna rəğmən, öz oyununu diktə etməyə çalışıb: "Bu, bəzi epizodlarda alınırdı. Ancaq yetərli səviyyədə olmadı. Oyunun əvvəlində yaxşı oynadıq. Ancaq qoldan sonra rəqib daha üstün idi".
Bu, "Zirə”nin Türkiyə toplanışı çərçivəsində son yoxlama matçı olub. Komanda sabah səhər bərpa məşqi ilə Türkiyə toplanışını başa vuracaq və Vətənə dönəcək.
Şükürov yay hazırlığının səmərəli keçirdiyini düşünür: "Türkiyə toplanışını da yüksək səviyyədə keçirdik. Bununla belə, komanda hələ tam hazır deyil. Taktiki cəhətdən işlərimiz çoxdur. Çempionatın gedişində istədiyimiz səviyyəyə çatacağımızı düşünürəm”.