"Qarabağ"ın prezidenti Tahir Gözəl Çexiya "Viktoriya"sı ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, klub rəhbəri əvvəlcə oyunu dəyərləndirib...
- Ürəyimiz çox incikdir. Ona görə ki, "Qarabağ" çox möhtəşəm oyun sərgilədi, nəzarət, təşəbbüs bizim tərəfdə idi. Ən azı, 3 çox real epizodu qaçırdıq. Qarşı tərəf isə yalnız bir real epizod yaxaladı, ondan da yararlandı. Çox istərdik ki, bu gün tarix yazılsın, cənab prezidenti, xalqımızı sevindirək, tarixi anlara şahid olaq. Amma alınmadı.
- Qaçırılan epizodlardan da görünür ki, komandaya bir hücumçu lazımdır...
- Əvvəllər də demişəm: Bu, tamamilə Qurban Qurbanova aid məsələdir. Biz həmişə transfer siyasətini ona etibar etmişik. Yenə də bir istək olsa, ona cavab verməyə hazırıq. Amma bu gün üstünlük "Qarabağ"ın tərəfində idi. Bu gün "Qarabağ" udmalı idi. 6-7 qol vəziyyəti, üstünlük, doğma meydan amili - hər şey "Qarabağ"ın tərəfində idi. Amma alınmadı. Bununla belə, bir söz deyim: Mübarizə davam edir. Avropa yolunda davam edəcəyik. Hələ də iddialıyıq. Növbəti oyunlarda da belə çıxış etsək, düşünürəm ki, gözəl olacaq.
- "Qarabağ" qolları qaçıranda düşünmürdünüz ki, sonda öz qapınıza qol vurulacaq?
- Həmişə belə bir təhlükəni hiss edirdim. Yaddan çıxarmayaq ki, bu mərhələdəki rəqiblər elə-belə komandalar deyillər. Avropanın ən seçilmişləridirlər. "Viktoriya" Çexiya çempionudur. Əlbəttə, çox təhlükəli epizodlar bir saniyəlik işdir. Ona görə də futbolda son saniyəyə qədər sevinmək olmaz.
- Buna futbol ədalətsizliyi demək olar?
- Futbolda hər kəs hər zaman layiq olduğunu ala bilmir.
- Əvəzləmələrlə bağlı nə deyə bilərdiniz?
- Mən buraxdığımız qolu əvəzləmə ilə bağlamaq istəməzdim. Sadəcə, cavab qolu üçüncü əvəzləmədən sonra tez vuruldu. Artıq olan-olub. Bu saatdan sonra nə desək, bir şey dəyişməyəcək.
- Həqiqətən də olan-olub. Baş məşqçi olsaydınız, 75-ci dəqiqədən sonra Miçeli əvəzləyərdiniz?
- Bunu mən deyə bilmərəm. Mən texniki məsələlərə baxmıram. Vəzifəm bu deyil. Məşqçiliyi bacardığımı da iddia etmirəm.
- "Qarabağ" bu heyətlə 2 dəfə cəhd etsə də, "pley-off"a yüksələ bilməyib. Oyun da göstərdi ki, sırf vuran ayağa ehtiyac var. Nə vaxt heyət güclənəcək ki, Çempionlar Liqasında qrupa düşə biləsiniz?
- "Viktoriya" rəhbərliyi deyir ki, Çexiyanın heç də böyük klubu deyillər. Onlar paytaxt Praqanı yox, Plzeni təmsil edirlər. Bununla belə, hər oyunlarına 12 minlik stadionları dolur. Oyunçu transferi öz yerində. Biz də çempionatdakı hər oyunumuza 5000 azarkeş yığa bilsək, bunun özü "Qarabağ"a böyük dəstək olar. Bir oyunçu ilə komanda düzəlmir. Klubun əsası, gəlirlərinin xərclərlə üst-üstə düşməsi daha dərin məsələdir.
- Ötən mövsüm Qazaxıstan "Astana"sı Çempionlar Liqasının qrupunda oynadı. "Qarabağ" da bunu bacarsaydı, xərclərini çıxaracaqdı. Bunların özü gəlir deyilmi?
- Amma oyunçu alırsınızsa, qrup mərhələsinə düşəcəyinizə dair təminat yoxdur. Düzdür, xərclər çıxacaq, amma istəyimiz gerçəkləşməyə bilər. Yenə deyirəm: 5000 azarkeş gəlsin, biz də futbola sevgimizi, bağlılığımızı, məhəbbətimizi gücləndirək. "Qarabağ" özü-özünü dolandıran kluba çevrilsin.
- Bəlkə hər çempionat oyunu öncəsi də azarkeşlərə səslənəsiniz?
- (gülür) Siz hesab edirsinizmi ki, gələcəklər? Çox gözəl. Olar. Amma bir şeyi vurğulamalıyam: Xalqıma çox təşəkkür edirəm. Bu gün möhtəşəm dəstək verdilər. Hamımız sərxoş olduq. Böyük enerji var idi.
- Bəlkə də komandanız böyük hesabla uduzsaydı, belə ruh düşkünlüyü olmayacaqdı. Bugünkü məğlubiyyətdən sonra "Qarabağ"ı Avroliqanın "pley-off"una hazıırlamaq nə dərəcədə çətin olacaq?
- Oyunumuz çox gözəl idi. Millət vəkili Qənirə Paşayeva ilə birgə idim. O da dedi ki, oyun bizim tərəfimizdə idi. Təki "Qarabağ" bu oyunla Avroliqanın qrup mərhələsinə çıxsın, başqa bir şey istəmirəm. Yaxşı olacağına inanıram.
- Avroliqada hədəfiniz nədən ibarət olacaq?
- Futbolçulara bütün imkanlar yaradılıb. Komanda daxilindəki ab-hava, mənəvi durum qaydasındadır. Bu, futbolçuların işidir. Milyonlarla insan, klub rəhbərliyi, sponsorlar nəticə gözləyir. Futbolçular da bunu anlayırlar. "Qarabağ"ın gücünə, birlik-bərabərliyinə şübhə etmirəm. İnanıram ki, yolumuza davam edəcəyik.