Gürcü futbolçu Nika Kvekveskiri 2-ci ildir çıxış etdiyi Azərbaycan Premyer Liqasında penalti problemi ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi "İnter"dən sonra "Qəbələ"də də 11 metrlik cərimə zərbələrini dəqiq vura bilmir.
Belə ki, Kvekveskiri artıq 3 dəfə penaltidən qapıya yol tapa bilməyib. Özü də bunlardan 2-də milli komandamızın qapıçısı Səahət Ağayev zərbəni dəf edib.
Məlum olduğu kimi, Premyer Liqanın II turunda "Dalğa Arena"da qolsuz bərabərliklə nəticələnən "Qəbələ" - "İnter" oyununun ikinci hissəsinin əvvəlində Kvekveskiri - Ağayev dulei olub. Səhahət bu penalti mübarizəsindən qalib ayrılıb. Bu, ilk dəfə isə ötən mövsümdə "İnter Arena"da olub. Onda Kvekveskiri "İnter"in, Ağayev isə "Sumqayıt"ın şərəfini qoruyurdu. Səlahət onda da gürcü legionerlə penalti duelindən qalib ayrılmışdı. Ağayev həmin mövsümün ilk yarısında "İnter"də oynadığından, komanda yoldaşı olmuş Nikaya yaxşı bələd olduğunu göstərir.
Kvekveskiri Azərbaycan kubokunda da penaltidən qol vura bilməyib. Elə bu da "İnter Arena"da olub. Futbolçu "Rəvan"la 1/4 final mərhələsinin cavab oyununda "fərqlənib". Nikanın zərbəsini Rəşad Əzizli dəf edib. Düzdür, legioner təkrar zərbəylə topu tora qovuşdura bilib.
Qeyd edək ki, "Qəbələ"də uzun müddət ştatlı penalti vuran kapitan Cavid Hüseynov olub. Millimizin üzvünün bütün zərbələri dəqiq olub. Hüseynov "Qəbələ"dən kənarda qalandan sonra 11 metrlik zərbələri əsasən ukraynalı yarımmüdafiəçi Aleksey Qay vurub və o da bunları qola çevirib. Yalnılz 1 dəfə Dodo nöqtəyə yaxınlaşıb ki, onda da qol istəyinə çatmayıb. Bu, ötən ilin son oyunu olan "Qarabağ"la səfər matçı olub. "Qəbələ" Kvekveskiriyədək sonuncu dəfə həmin vaxt vurulmayan penaltiyə görə məyus olmuşdu.