San Marino və Azərbaycan yığmaları arasındakı DÇ-2018-in seçmə qrup matçına təyinat alan belçikalı baş hakim Sebastyan Delferye 2012-ci ildən FİFA referisidir.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı ədalət təmsilçisi 2010-cu ildən beynəlxalq oyunları idarə edir.
O, 2012-ci ildən UEFA-nın 2-ci kateqoriyalı hakimlər qrupuna daxildir. Atası David Delferye Belçika Futbol Federasiyasında mühüm şəxslərdən sayılır. D.Delferye UEFA nümayəndəsi və hakim-inspektordur.
Oğul Delferye Azərbaycan komandasının oyununa ikinci dəfə təyinat alıb. O, ilk dəfə 2015-ci il noyabrın 5-də Almaniyada "Borussiya" (Dortmund) və "Qəbələ" komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edib. Qonaqlar 4 qol buraxdığı görüşdə eyni sayda sarı vərəqə ilə cəzalanıb. "Borussiya" isə 1 sarı vərəqə alıb.
Ümumiyyətlə, S.Delferye indiyədək idarə etdiyi 42 görüşdə 13 penalti (meydan sahibləri lehinə 7, qonaqların lehinə 6) təyin edib, 9 qırmızı (6+3) , 162 sarı vərəqə (70+92) göstərib.









































































