"Neftçi”nin yeni baş məşqçisi Elxan Abdullayevin Sportnet.az-a müsahibəsi
- Mətbuat üçün təyinatınız gözlənilməz oldu. Bəs özünüz üçün necə?
- Açığı, bu təklifi gözləmirdim. Birdən gəldi. Bilmirdim ki, mənə belə bir təklif ola bilər.
- Konkret, təklif kimdən gəldi?
- "Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev məni çağırdı. Görüşub söhbətləşdik.
- Dərhal qərar verməkdə tərəddüd etmədiniz?
- Yox. Açığı, fikirləşmədim. Özüm uzun müddət "Neftçi"də olmuşam. Əvvəl oynamışam, sonra məşqçi kimi çalışmışam. Bu, atam Ruslan Abdullayevin vaxtında olub. "Neftçi” bizim üçün əziz bir klubdur. Belə bir klubdan səni çağıranda və deyəndə ki, komandanı bu vəziyyətdən çıxarmaq üçün kömək lazımdır, hansı normal insan imtina edər? Mən buna böyük sevinclə yanaşdım.
- Ancaq onu da nəzərə alaq ki, "Neftçi” böyük klub olduğundan, həmişə diqqət mərkəzindədir. Burada çalışmaq çətin, məsuliyyətlidir. Komanda ətrafında ajiotaj, gərginlik böyük olur. Bu, sizi çəkindirmir?
- Olsun da. Adam gərək risk edə. Buna risk də demək olmaz. Özünə inanan adam heç bir belə təzyiqlərdən qorxmur. Mən də özümə inanan adamam. Bilirəm ki, "Neftçi”ni bu vəziyyətdən çıxara bilərəm.
- Bunun üçün işə nədən başlamaq fikrindəsiniz?
- Açığı, mən hələ komanda ilə görüşməmişəm. Sabah ilk məşq günüdür. Komanda ilə görüşüb ətraflı söhbət etməliyəm.
- Sizcə, "Neftçi”də problem əsasən nədən qaynaqlanır: İlk növbədə, nəyə diqqət yetirilməlisiniz?
- İlk növbədə, psixoloji vəziyyəti qaldırmaq lazımdır. Özünüz də bilirsiniz ki, 0:8 hesablı məğlubiyyətdən sonra hər bir futbolçu özünü yaxşı hiss etmir. Nəticədə psixoloji durum aşağı düşür. Futbolçulara başa salmaq lazımdır ki, özlərinə inansınlar.
- "Transfer pəncərəsi” bağlı olduğundan, qışadək bu heyətlə kifayətlənməli olacaqsınız. "Neftçi”yə yayda gələn legionerlərin yararsız olduğunu rəhbərlik də təsdiqləyib. Bu, sizə problem yaratmayacaq?
- Burda başqa variant yoxdur axı. Mən sehrbaz-zad deyiləm ki... İlk növbədə, psixoloji, mənəvi durumu qaydasına salmaq lazımdır. Futbolçulara inam gəlməlidir. Onların hər biri ilə fərdi söhbətləşib, potesiallarına yaxından bələd olmalıyam. Düzdür, "Neftçi”nin oyunlarını izləyirik. Ancaq biri var bunu tribunadan edəsən, biri də var komandanın daxilində. Nəsə düzəliş etmək olar. Yanvaradək bu heyətlə keçinməliyik. Mən indidən istəmirəm ki, kimisə qovaq, nəsə başqa tədbirlər görək. Əvvəl komanda ilə yaxından tanış olmaq lazımdır. Bəlkə bu, yaxşı futbolçudur, ondan düz istifadə etmirdilər. Yaxud başqa səbəb var. Başa düşürsünüz, mən hər şeyi dəqiq bilməliyəm.
- Keçmiş baş məşqçi Vəli Qasımovla görüşməyi məqsədəuyğun sayırsınız, yoxsa buna ehtiyac görmürsünüz?
- Düzü, mən Vəlini görməmişəm. Ona gördüyü işlərə görə minnətdaram. Elə insan deyiləm ki, kiminsə dalınca danışım, nəyisə müzakirə edim. Vəli məşqçidir, işləyib. O həm də mənim dostumdur. Qasımova uğurlar arzulayıram. Bu, futboldur, Vəli özü də başa düşür ki, belə şeylər olur. Biz də başa düşürük ki, bu vəziyyət istənilən insanla ola bilər. Elə mənim də başıma belə işlər gəlib.
- Bəziləri deyir ki, keçmiş baş məşqçiyə zəng edib, halallıq almaq lazımdır...
- Mən bu sözün mənasını başa düşmürəm. Halallıq bilirsiniz kimdən alarlar?
- Kimdən?
- "Neftçi” nə mənim dədəmin evidir, nə də başqasının. Halallığı necə almaq olar? Biz ikimiz də eyni adamıq, məşqçiyik. Halallığı yalnız Allahdan ala bilərsən.
- Sizcə, "Neftçi”də oyun planında nə çatmırdı?
- Bu haqda indi nə isə demək çətindir. Bu, birdən, göydən düşən bir şeydir. Oturub fikirləşib nəsə təhlil etməliyəm. Birdən-birə bu haqda sizə nə deyə bilərəm ki?
- Elə isə köməkçilərinizlə bağlı məsələ necə olacaq?
- Bunu hələ müəyyənləşdirməmişəm. Ancaq öz köməkçilərim olacaq, bunu özüm seçəcəyəm.
- Onda keçmiş məşqçilərdən heç kim qalmayacaq?
- Mən hələ bunu müzakirə etmək istəmirəm. Bugünlərdə biləcəksiniz.
- Millidə işinizi davam etdirəcəksiniz?
- Bəli-bəli. Əlbəttə, yığmada da çalışacağam.
- Bu, işinizə mane olmayacaq?
- Düşünürəm ki, yox. Çünki millidə işləməyimin razılığını alıblar. Özbaşına deyiləm ki... Mən AFFA-nın işçisiyəm. Məni çağırıblarsa, deməli, millidən də icazə alıblar.
- Yəni, baş məşqçi Robert Prosineçki buna razılığını verib?
- Tək Prosineçki yox, AFFA rəhbərliyi də icazə verib.
- İki yerdə işləmək sizə çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Ancaq həm də maraqlı olacaq. Mən hazırda o yaşda deyiləm ki, işdən qaçım. Nə qədər çox iş olsa, bir o qədər də yaxşıdır. Gündəlik praktika milli üçün daha da yaxşıdır.
- "Neftçi”yə yeni təyinatlarda sizə tanış insanlar da var...
- İnzibati işlər üzrə baş menecer İslam Abbasovla uzun müddətdir millidə birgə çalışırıq. İdman direktoru Orxan Hüseynzadə vaxtilə AFFA-da işləyib.
- Bəs icraçı direktor Elnur Eyvazovla tanışsınız?
-Yox. Mən o insanı tanımırdım. SOCAR-ın işçisidir. Bu gün tanış olduq.
- Son olaraq, çox məyis olan azarkeşlərə sözünüz nədir: Komandadan nə gözləsinlər, "Neftçi”nin hazırkı potensialı nəyə imkan verir?
- Mən bütün azarkeşlərdən bir şeyi xahiş edirəm ki, səbirli olsunlar. İlk növbədə, futbolçulara təzyiq etməsinlər. Çoxu gənc futbolçulardır. Ola bilsin ki, nəsə alınmır. Mən inanmıram ki, kimsə qəsdən oynamır. Əlbəttə, biz tribunalarda oturan tərəfdarlarımızı sevindirmək üçün oynayırıq. Təbii ki, azarkeşlərlə də görüşəcəyəm. Gəlib oyunlarda komandaya dəstək versinlər, təzyiq göstərməsinlər. Onsuz da psixoloji durum yaxşı deyil. Buna görə də futboçulara qayğı ilə yanaşsınlar.
Mehman SÜLEYMANOV