"İlk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşünürük. İnanırıq ki, bunları bacarsaq, yaxşı nəticə qazana bilərik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun "Anderlext”lə səfər oyunu öncəsi bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis rəqib klubun yox, əsas komandasının, onun necə oynaması haqda danışmağın mümkün olduğunu söyləyib: "Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin çox sayda güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çox çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. "Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik".
Qriqrorçuk qrup mərhələsi üçün qlobal vəzifələrinin olmadığını deyib: "Yalnız qarşıdakı oyunu fikirləşirik. İndi "Anderlext”lə matç olacaq, ardınca addım-addım irəliləyəcəyik. Belçikada havanın istiliyini hiss etməmişik. Azərbaycandakı yaydan sonra çətin ki, burada bizə hava şəraiti mane olsun”.