"Qəbələ"nin ukraynalı qapıçısı Dmitri Bezotosnı növbəti rekordunu müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, cari çempionatda qol buraxmayan yeganə komandanın "1 nömrə"si dünyanın ən uzun "quru seriyaları"nın siyahısına düşüb.
Bura ən azı 660 dəqiqə qol buraxmayan qapıçılar yer aldığından Bezotosnını "Sumqayıt"la bugünkü ev oyununadək həmin göstəricidən 62 dəqiqə ayırırdı. Bu dəfə də qapısını 90 dəqiqədə toxunulmaz saxlayan Dmitri artıq 688 dəqiqədir top buraxmır.
Bezotosnı "Qəbələ"nin tarixində ilk qapıçıdır ki, 2-ci dəfə həmin siyahıya düşüb. Belə ki, 32 yaşlı əlcək sahibi ötən ilin payızında 727 dəqiqəlik seriyayla şəxsi rekordunu müəyyənləşdirmişdi. İndi onu bu göstəricini təkrarlamaqdan 39 dəqiqə ayırır. Dmitri növbəti turda "Zirə" ilə səfər matçında da qol buraxmazsa, öz rekordunu yeniləmiş olacaq.
Bezotosnının uğurlu seriyası hələ ötən mövsümün sonunda başlayıb. XXXIV turun mayın 11-də keçirilən "Qarabağ”la matçında top buraxan qolkiper son 2 turda AZAL (2:0) və "Kəpəz”lə (1:0) oyunlarda qapısını toxunulmaz saxlayıb. Cari mövsümdə isə "Kəpəz” (2:0), "İnter” (0:0), "Neftçi” (8:0), AZAL (3:0) və "Sumqayıt"la matçları (2:0) da qol buraxmadan tərk edən Bezotosnı ardıcıl 7-cı dəfə qapısını toxunulmaz saxlayıb. Ona sonuncu qolu vuran "Qarabağ"la matçın 32-ci dəqiqəsində fərqlənən və həmin çempionatın bombardiri olan ispaniyalı yarımmüdafiəçi Dani Kintana olub.