"Kəpəz"in kapitanı Tural Axundov "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının Vl tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, 28 yaşlı müdafiəçi 1 bir xaldan narazı qalmadıqlarını bildirib...
- Əlbəttə, qalib gəlsəydik, lap yaxşı olardı. Bir xal da pis deyil. Uşaqlar çalışdılar, əllərindən gələni etdilər. Amma belə alındı.
- Sanki komandanız sona 15 dəqiqə qalmış geri qayıtmaqda çətinlik çəkirdi...
- Sadəcə, stadionda ağırlıq var idi. Çünki dünən güclü yağış yağmışdı. Oynamaq hədsiz dərəcədə çətin idi. Ola bilsin, bunun yorğunluğu idi.
- "Kəpəz" pressinq tətbiq etmədən rəqibi özünə aid hissədə qarşılayırdı. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa siz komanda olaraq, çəkinirdiniz?
- Xeyr, çəkinmirdik. Baş məşqçinin tapşırığı idi ki, rəqibi əks-hücumda yaxalayıb nəsə edək. Biz "Qarabağ"dan geri qalmırdıq. 2-3 qol vəziyyətindən yararlana bilmədik.
- Qapı dirəklərinə dəyən zərbələrin nisbətində "Qarabağ" 4:1 hesabı ilə öndə oldu...
- Bu, futboldur, hər şey ola bilər. Nə etmək olar?
- "Kəpəz"in gücü budur, yoxsa "Qarabağ"a qarşı istədiyini nümayiş etdirə bilmədi?
- "Kəpəz"in gücü bu deyildi. Sadəcə, belə oyunumuz stadionun ağırlığından irəli gəlir. Qarşıdakı matçlara baxacağıq.
- Julyen Ebah ötən mövsümdəki kimi çıxış etmir. Razısanmı ki, yayda komandaya bir hücumçu cəlb olunsaydı, daha yaxşı olardı?
- Bunu məşqçilərin özü görür. Sadəcə, Ebahın özü də qol vurmasını çox istəyir. Ona uğurlar. İnanıram ki, qarşıdakı oyunlarda bizi sevindirəcək.
Mehman Süleymanov, Gəncə