Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandasını qəbul edib.
"Əlincə Arena"da keçirilən matçda topa ilk toxunuşu meydan sahibləri edib. İlk dəqiqələrdən hücuma keçən "Neftçi" 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora qovuşdurub. 13 dəqiqə sonra isə Yusif Nəbiyev hesaba tarazlıq gətirib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.
İkinci hissədə qonaqlar aktivliyi artırıb. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq oyunda hesab dəyişməyib və "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə "Neftçi" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Sumqayıt" isə 7 xalla "Kəpəz"lə 4-5-ci pillələri bölüşür.
Azərbaycan Premyer Liqası, VI tur
27 sentyabr
19:00. "Neftçi" - "Sumqayıt" - 1:2
Qol: Cavid İmamverdiyev, 6 - Yusif Nəbiyev, 19. Seymur Əsədov, 71
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
Masazır. "Əlincə Arena"
Qeyd edək ki, turun digər oyunlarında "İnter" səfərdə AZAL-ı 3:1, "Qəbələ" isə səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. "Kəpəz" - "Qarabağ" oyununda isə qalib müəyyənləşməyib - 1:1.
Bombardir: Baqali Dabo ("Qəbələ") - 6 qol