Azərbaycanın FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində ikinci dəfə idarəçilik edib.
Sportnet.az-ın məlumatına görə, 29 yaşlı ədalət təmsilçisinin bu mövsümdə ilk matçı az öncə yekunlaşan "Roma" (İtaliya) - "Astra" (Rumıniya) qarşılaşması olub. Ağayevin başçılıq etidyi azərbaycanlı hakimlər briqadasının Romada Olimpiya Stadionunda iş başında olduğu görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə nəticələnib - 4:0.
"Roma"dan qolları Kevin Strotman (15-ci dəqiqə), Federiko Fazio (45+2-ci dəqiqə), Məhəmməd Salah (55-ci dəqiqə) və Raca Naynqqolan (57-ci dəqiqə) vurub. Matçdan öncə 40 illik yubileyini qeyd edən romalıların əfsanəvi kapitanı Françesko Totti ilk 3 qolda yaxından iştirak edib.
Maraqlıdır ki, Ağayev bu oyunda "Roma"dan yeganə sarı vərəqəni 30-cu dəqiqədə məhz Tottiyə göstərib. O, "Astra"dan isə 2 futbolçuya xəbərdarlıq edib. Bunlar 40-cı dəqiqədə Geraldo Alveş və 90-cü dəqiqədə Junior Moris olub.
Qeyd eədk ki, Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov, qapı arxasında Orxan Məmmədovla Rəhim Həsənov kömək ediblər. Ehtiyat hakim Mübariz Haşımov olub.