Rahid Əmirquliyev karyerasında ikinci dəfə Azərbaycan milli komandasının kapitanı kimi meydana çıxacaq.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığması ilə az sonra Ostrava şəhərində başlanacaq səfər oyununda bu funksiyanı icra edəcək. Əmirquliyev zədə üzündən kənarda qalan əsas kapitan Rəşad Sadıqovu əvəzləyəcək.
Rahid millidə ilk dəfə ötən il noyabrın 17-də Moldova yığmasına Bakı Olimpiya Stadionunda 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə kapitan olub. Bununla da o, millinin tarixinə 25-ci kapitan kimi düşüb. Rahidə qədər 24 futbolçu qarşılaşmaya kapitan kimi başlamışdı.
Fərq ondadır ki, vitse-kapitan Əmirquliyev bu dəfə rəsmi oyunda sarğını daşıyacaq və bunu yeni klubda həyata keçirəcək. Çünki o, ötən il "Xəzər Lənkəran"da idisə, indi "Qarabağ"ın futbolçusudur. Yəni, Rahid iki ilkə birdən imza atıb.
Bu il millimizin keçirdiyi oyunlarda Sadıqovun yoxluğunda Ruslan Abışovla Maksim Medvedev hərəyə 1 dəfə kapitan olublar.
Xatırladaq ki, yığmamızın kapitanları arasında rekordçu məhz Rəşad Sadıqovdur. O, 72 dəfə oyuna kapitan kimi başlayıb. Tərlan Əhmədov 41, Nazim Süleymanov 22 dəfə buna nail olub.