"Rəqib baş məşqçinin fikirləri ilə tanışıq. Onlar qrupdan çıxmaq üçün bu oyunun vacibliyini bildirib və qələbə qazanmaq istəyirlər. Amma qarşıda iki oyun var. Sabah belə bir stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Qələbə qazanmaq istəyirik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Yunanıstanda PAOK-la keçiriləcək görüş haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis J qrupunun sabah baş tutacaq mübarizəsi haqda bunları bildirib: "PAOK-la oyundan əlavə qarşıda iki oyunumuz var. Qarşımıza minimum məğlub olmamaq məqsədi qoymuşuq. Demək olar ki, komanda Bakıdakı kimidir. Amma ev oyunlarını fərqli oynayırlar. Nə qədər məcbur etsələr, o qədər güclü müdafiə olunmağa çalışacağıq. Amma bununla yanaşı hücumlar qurmaq, topa sahib olmaq lazımdır. Bu çətin olacaq. Çünki rəqib sürətli, individual şəkildə yaxşı çıxış edir. Çalışacağıq ki, oyunun əvvəlindəki təzyiqdən tez çıxaq".
Ardınca Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Növbəti mərhələyə hansı komandanın keçməsini istəyirsiniz?
- Bizim növbəti mərhələyə yüksəlməyimizi istəyirəm. Amma necə olacağını sabah görəcəyik.
- Reynaldo, Rəşad Sadıqov və Miçelin vəziyyəti necədir? Sabah oynayacaqlar?
- Ola bilər ki, üçü də eyni anda meydanda olmasın. Amma oynamaq ehtimalları var. Ola bilər ki, biri meydanda olsun.
- "Qarabağ" sabahkı oyunda hansı taktikaya üstünlük verəcək?
- Bu elə bir oyundur ki, hər birinə hazır olmalısan. Səfərdə oynayanda çox komanda oyunu müdafiədən qurur. Çünki hər bir komanda öz meydanında, azarkeşləri qarşısında daha inamlı olur. Bu elə bir oyundur ki, yalnız sabahkı 90 dəqiqəni düşünməməliyik. Əks hücum lazımdırsa, əks hücumda, hücumda lazımdırsa, hücumda oynayacağıq. Bunu sabahkı oyun göstərəcək. Amma oyunu sırf müdafiədən qurmaq istəmirəm. Ola bilər ki, ilk dəqiqələrdən çətin olsun. Çünki sabahkı oyun belədir.
- PAOK-un yaxşı azarkeşləri var və sabah yaxşı atmosfer olacaq. Ancaq "Qarabağ" bu cür ab-havanı çox görmüş futbolçular var. Əminliklə demək olar ki, azarkeş amili "Qarabağ"ın futbolçularına təsir etməyəcək?
- Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdır. Bunun hansı meydanda olmasının fərqi yoxdur. Ancaq azarkeşlər ev komandasını daha istəkli edir. Bizim də az saylı azarkeşlərimiz stadionda olacaq və onları heç də rəqib azarkeşlərdən az hesab etmirik. Amma üstünlük ondadır ki, rəqib azarkeşlərin səsi komandalarını daim irəli səsləsin. Biz buna hazırıq. Azarkeşin səsini yox, 90 dəqiqə oyunu düşünəcəyik.
- Sabahkı oyun üçün erkən qol ehtimalını necə qiymətləndirirsiniz? Rəqib ilk qolu vursa, oyunun taleyi necə olacaq?
- Futbolda belə hallar çox olub. Erkən qol vurmuşuq və buraxmışıq. Son dəqiqələrdə qol da buraxmışıq, məğlubiyyətdən də qaçmışıq. Oyun boyu qol buraxmamaq haqda düşünəcəyik. Qol vurmağa gəlincə, əlimizə düşən şansları istifadə etməyə çalışacağıq.
- PAOK-un ev oyununu da izləmisiniz. Sabahkı oyunda "Qarabağ"ın PAOK-a qarşı Bakıdakı kimi oynamasına nə mane ola bilər?
- Rəqib çox ciddidir. İlk fikrim o idi ki, böyük hesabla məğlub ola da bilərik, qələbə də qazana bilərik. Çünki oyunçuların fərdi ustalığı yüksəkdir. Bunun üzərində dayanmalıyıq. Ola bilər ki, rəqib bizim düşünmədiyimiz, görmədiyimiz hücumlardan istifadə etsin. Hücumlar uğurlu alınırsa, bu istənilən rəqib üçün problem yaradır. Bizə isə rəqibin düşünmədiyimiz hücumları mane ola bilər.