Avropa Liqasının qrup mərhələsinin IV turunda PAOK-u 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın UEFA klubların reytinq cədvəlində mövqeyi dəyişib.
Sportnet.az-ın məlumatına görə, komandamız 13 pillə irəliləyərək 18.050 xalla 99-cu yerdə qərarlaşıb. "Qarabağ" bununla da "100-lük"də qərarlaşan ilk Azərbaycan klubu olub.
Reytinq cədvəlində digər təmsilçilərimizdən "Neftçi” 159-cu (9.800), "Qəbələ” 181-ci pillədə (7,800 xalı) qalıb. 6.800 xala malik "İnter" avrokuboklardan kənarda qalsa da, 1 pillə irəliləyərək 219-cu yerə çıxıb. 4.550 xala malik "Xəzər Lənkəran” Malta "Valletta”sı və Albaniya "Kukesi”si ilə birgə 274-cü yerə şərikdir.
Digər komandalarımızdan "Kəpəz” (4.050) 297-ci, "Bakı” (3.800) 306-cı yerə şərikdir.








































































