"Millinin heyəti artıq açıqlanıb. Ancaq heyətdə yenə yoxam. Mən də sizin vasitənizlə baş məşqçiyə səslənmək istəyirəm ki, niyə görə məni milli komandaya dəvət etmir?”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "İnter”in kapitanı Nizami Hacıyev bildirib. 28 yaşlı yarımmüdafiəçi AZAL-la oyundan sonra bildirmişdi ki, formaya düşəndən sonra onu milliyə çağırmayanlardan haqq-hesab soracaq.
Hacıyev artıq formada olsa da, yenə kənarda qalıb: "Futbolçular var ki, əziyyət çəkir, ancaq milli komandadan kənarda qalır. Hamınızdan artıq dərəcədə xahiş edirəm ki, bunu birbaşa belə də yazın. Bəli, Robert Prosineçkidən də soruşa bilərsiniz. Bu sualı mənim adımdan da, öz adınızdan verin ki, bri futbolçu əsas heyətdə oynayırsa, kapitandırsa, qol vurursa, komandası 3-cü yerdə gedirsə, niyə milliyə çağırılmır?”.
Nizami xorvatiyalı mütəxəssislə münasibətinin olmadığını, onunla heç görüşmədiyini də söyləyib: "Prosineçki bizim məhlədə qalsaydı, soruşardım. Ancaq əfsuslar ki, görüşmürəm. Yoxsa, vallah, soruşardım. Mənim üçün fərqi yoxdur, kimliyindən asılı olmayaraq sualımı verirəm. Prosineçki, sonuncu dəfə "İnter”in oyununa şəxsən nə vaxt baxmısan? Köməkçilərin yox, özün. Özü gəlsin, baxsın. Məndə elə bir fikir yarandı ki, milliyə kimi gəldi, necə gəldi çağırırlar”.
Qeyd edək ki, Hacıyev vaxtilə milliyə çağırılsa da, bu, Prosineçkinin vaxtında olmayıb.