1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Açıldı pley-offun qapısı üzümüzə...
Yunanıstanda iki şəhəri görmək qismətimdə olub. İkisi də tarixi məkanlardır – paytaxt Afina və dəniz kənarındakı Saloniki.
İkisi ilə də ötən il "Qəbələ” ilə olaraq "Panatinaikos” (2:2) və PAOK-la (0:0) heç-heçələrə canlı şahidlik etmişəm. Yunanıstan paytaxtındakı bərabərlik "qırmızı-qaralar”ı tarixində ilk dəfə Avropa Liqasının qrupuna çıxardısa, Mustafa Kamal Atatürkün dünyaya gəldiyi şəhərdəki nəticə bu komandanın qrupda səfərdə ilk və hələ ki yeganə xalı kimi tarixə düşdü. Azərbaycanlı jurnalistlər ardıcıl 2-ci il noyabrda Salonikiyə Avroliqada səfər matçına baş çəkdilər. Ancaq bu dəfə "Qarabağ”ın oyunu idi və tarixi qələbəyə şahid oldular. Necə deyərlər, Türkiyə Cümhuriyyətinin yaradıcısının anadan olduğu şəhərdə türk zəfərinə görmək qismətimizdə imiş.
Bəli, "pley-off"un qapısının üzümüzə açıldığını deyə bilərik. Həmin qapı ki 2 ildir kandarında olan "Qarabağ”ın üzünə bağlanır. Birində çexiyalı baş hakim Miroslav Zelinka "pley-off açarı"nı əlindən zorla aldı, ikincidə isə Brüsseldə qələbəni özü əldən verdi. Ancaq bu dəfə əminəm ki, açar əldən düşməyəcək, itirilməyəcək. Çünki o, Qurban Qurbanovun etibarlı əllərindədir.
İlk 2 ildə qrupdan çıxmaq şansını son turadək saxlayan "Qarabağ” bu dəfə sona 1 tur qalmış onu reallaşdıra bilər. Bunun üçünsə qarşıdakı turda Çexiyada sadəcə, uduzmamaq lazımdır. Bakıda "Slovan”la heç-heçəyə nə qədər üzülmüşdüksə, Liberetsdə bu nəticə bizim üçün qələbəyə bərabər, ən əsası, tariximizdə ilk dəfə pley-offa çıxmağa yetərli olacaq. Hətta uduzsa belə, buna çox da üzülməyə dəyməz. Çünki PAOK İtaliyada "Fiorentina”ya qalib gələ bilməsə, "Qarabağ"ı 1/16 finala özü çıxaracaq. Yunanların isə İtaliyada xal itkisi realdır. Hər halda, hələ ki pley-offa çıxmasını rəsmiləşdirməyən "Fiorentina”ya qələbə lazımdır və evdə rəqblərini darmadağın etməsi göz qabağındadır. Ən nəhayət, son tur hələ ki komandamız üçün uğursuz olsa belə, vəsiqənin taleyini həmin vaxtadək də saxlaya bilər.
Futbolumuz üçün bu tarixi ilkə məhz "Qarabağ”ın imza atması daha ədalətli olardı. Çünki məhz Qurban Qurbanovun gəlişindən sonra, 2009-cu ildən bu yana elə Avropa Liqasında qazanılan uğurlar azarkelərdə avrokuboklara böyük maraq oyatdı. Ağdam klubunun keçdiyi bu 7 ildə Çempionlar Liqası qrupuna düşməyə yaxın olduğu, ən azı bu yolda böyük addım ata biləcəyi Çexiya "Viktoriya”sı ilə ev oyununu xüsusilə qeyd etmək istərdim. O mənada ki, həmin matçın antiqəhrəmanları kimi çox tənqid olunanlar bu dəfə qəhrəmanlar kimi ən xoş sözlərə layiq görüldülər. "Qarabağ"ın ispaniyalı legioneri Migel Madera hesab 1:0 irəlidə olanda topu boş qapıya göndərməməklə azarkeşlərin qəlbini qırdısa, bu dəfə meydana çıxandan az sonra gözəl qola imza atmaqla onların qəlbinə yol tapdı. Yaxud həmin matçda əvəzləmələri ilə mətbuatın da tənqidinə məruz qalan Qurban Qurbanov bu dəfə Maderanı vaxtında meydana buraxmaqla matçın taleyini necə həll edə bildiyini göstərdi. Migelə tarixi qələbənin memarı olmaq üçün cəmi 5 dəqiqə bəs etdi.
Ümumiyyətlə, ispaniyalı yarımmüdafiəçi təzadlı çıxışı ilə diqqətimi çəkib. O, ötən mövsümün ilk yarısında ehtiyat oyunçular skamyasının demək olar daimi sakini kimi qış fasiləsində göndərilməyə ən real namizədlərdən biri olsa da, ikinci yarıda nəinki əsas heyətə düşə, möhkəmlənə bildi, hətta vacib qollara imza atdı. Bunların birində "Neftçi” ilə kubokun finalında vurduğu gözəl qolla "Qarabağ”a "qızıl dubl” qazandırdı.
Taleyin işinə bax, "Qarabağ” kapitanı Rəşad Sadıqovun zəhləsinin getdiyi çexlərin vətəninə "xoşbəxt qatar”a bileti almaq üçün yollanacaq. Bu, 4 ayda həmin ölkəyə 3-cü səfər olacaq. "Qarabağ” Plzendə "Viktoriya”, millimiz Ostravada Çexiya yığması ilə qolsuz heç-heçə edib. Ümumiyyətlə, çexlərlə bu il hələ ki bütün matçlar bərabərliklə bitib. Bu dəfə sülhü nəinki istəyir, buna ikiəlli razıyıq. Axı bu, bizim üçün yeni qapını açıb içəri daxil olmağa imkan verən açar olacaq...