"Təyinatdan əvvəl İnqilab Məmmədova dedim ki, son dərəcə diqqətli ol. Çünki "Qəbələ" yorğundur. Avropa Liqasından sonra komandada yorğunluq, psixoloji gərginlik ola bilər. Elə olmasın ki, hansısa səhv qərar verilsin və sonda biz günahkar çıxaq".
Bunu Sportnet.az-a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
X.Məmmədov Azərbaycan Premyer Liqasının XI turunda AZAL və "Qəbələ" komandaları arasında keçirilmiş görüşdə baş verənlərlə bağlı bunları bildirib: "İlk dəqiqələrdən komandalar bir-birlərinə qarşı çox aqressiv idi. Artıq 10-cu dəqiqədən futbolçulara xəbərdarlıq olunurdu. Heç bir halda baş məşqçiyə meydana daxil olmağa icazə verilmir. Texniki zona qaydaları pozulmamalıdır. Artıq bir dəfə Roman Qriqorçuk bunu etmişdi. Baş hakim ona demişdi ki, bir də texniki zona qaydalarını pozsan, səni uzaqlaşdıracam. Lakin Qriqorçuk ikinci dəfə də bu qaydaya əməl etmədi".