Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərovun Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşına müsahibəsi
- Milliyə artıq fərqli münasibət, fərqli ab-hava var. Bu, səfərə yollanandan hiss olunur...
- Əlbəttə. Millimizdə arxada qalan oyunlarda qazandığı nəticələrdən sonra özünəinam var. Şimali İrlandiyaya da yaxşı nəticə qazanmaq üçün gəlmişik. Buna nail olmağa çalışacağıq. Komanda ab-hava, hər şey yaxşıdır.
- Rəqibin əsasən hansı cəhətləri bizə problemlər yarada bilər?
- Bilirik ki, Şimali İrlandiya yığması hər cəhətdən güclü rəqibdir. Son Avropa çempionatının final mərhələsində çıxış edərək qrupdan da çıxmışdı. Hava toplarında daha təhlükə olduqlarını da bilirik. Düzdür, rəqibi hələ çox təhlil etməmişik. Bunu etməyə vaxtımız var. Hər şeyə hazır olmalıyıq.
- Millimiz 3 oyun 7 xal toplayıb. Bu, qaneedici nəticə sayılır, yoxsa Belfasta qələbə üçün gəlmisiniz?
- Məncə, heç-heçə də pis nəticə sayılmamalıdır. Bakıya 3 xalla qayıtmaq yaxşı nəticə sayılacaq. Qalib gəlsək, daha yaxşı olar. Ancaq heç-heçə də pis nəticə olmayacaq.
- Yığmamızda qol vurmaq sarıdan problemlər vardı. Yeni hücumçu - Superliqada "Bursaspor"da çıxış edən Dəniz Yılmazın qoşulması nə effekt verə bilər?
- Əlbəttə, Dəniz "Bursaspor"da əsas heyətdə oynayırsa, deməli, yaxşı futbolçudur. İnanıram ki, komandamızı, hücum xəttimizi gücləndirəcək.
- Özünü oynamağa nə dərəcədə hazır sayırsan?
- Məncə, hazıram. Düzdür, klubumda son vaxtlar az oynayıram. Ancaq məşqlərdə öz üzərimdə işləməyə çalışıram ki, formadan düşməyim. Oynamasam da, məşqlərdə bunu sığortalayım. Bunu hər an oynamağa hazır olmaq üçün edirəm.
- "Qarabağ"da az oynamağın nə ilə əlaqədardır? Həmin mövqedə güclü rəqabətin olması, yoxsa baş məşqçinin qərarı ilə bağlıdır?
- Bilirsiniz ki, "Qarabağ"da hər mövqedə rəqabət var. Mövqeyimdə də çox güclü futbolçularımız, legionerlərimiz var. Ona görə əsas heyətə düşməkdə çətinlik çəkirəm. Bu, baş məşqçinin qərarıdır, ona hörmətlə yanaşıram. Bundan sonra da start heyətinə düşmək üçün çalışacağam.
- "Kəpəz"də əsas heyət üzvü idin, daim oynayırdın. Düşünmürsən ki, "Qarabağ"a qayıtmağın bir az tez oldu?
- Bu barədə damışmayım (gülür). Qismətdir, bilmirdim belə olacaq. Hər şey ola bilər. Ola bilər ki, bundan sonra oynayım. Demək istəmirəm ki, qayıtmağım səhvdir. Ola bilər ki, məşqlərdə özü yaxşı göstərməmişəm. Buna görə əsas heyətdən kənarda qalıram.