Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin də formasını geyindiyi "Trabzonspor” klubu hücum xəttində rəqabəti artırmağı düşünür.
Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi "Rizəspor”un afrikalı hücumçusu Leonard Kuekeni qışda transfer etməyi düşünür.
30 yaşlı kamerunlu hücumçu 2013-cü ildən şərəfini qoruduğu Rizə təmsilçisində 69 oyunda 32 qola imza atıb, 9 məhsuldar ötürmə edib. O, qollardan 4-nü "Trabzonspor"a vurub.
Cari mövsümdə Dame N Doye, Muhammet Demir, Hjun-Jun Suk və Ramil Şeydayevin qol susqunluğu yeni hücumçu transferinə təkan verən amildir. Hazırda "Trabzonspor” Türkiyə Superliqasında 11 xalla 13-cü yerdədir.
Xatırladaq ki, Şeydayev bu yaydan çıxış etdiyi "Trabzonspor"da Superliqada hələ debüt etməyib. 21 yaşlı hücumçu ölkə kubokunda 2 oyun keçirib və 1 qol vurub.














































































