"Hamımız Nazim Süleymanova çox inanırdıq. AFFA rəhbərliyə hesabat veriləcək. Hədəflərimiz böyük idi". Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Komitə sədri Nazim Süleymanovun baş məşqçisi olduğu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsindəki nəticələrindən danışıb: "Yığmamız qrupda üçüncü yeri tutdu. Ancaq bu elit mərhələyə yüksəlməyə kifayət etmədi. Məqsədimiz ildən-ilə yığmanın uğurlu nəticə qazanmasıdır. Uğursuzluğun səbəbini araşdırırıq".
V.Sadıqov baş məşqçinin istefaya göndərilməyəcəyini bildirib: "Nazim Süleymanovun fevarala qədər müqaviləsi var və hazırda kiminsə postundan getməsi müzakirə mövzusu deyil".
Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2017-ci Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda 3 xalla 3-cü pillədə yer alıb. Həmin qrupdan elit mərhələyə Avstriya və Bosniya və Herseqovina yığmaları yüksəlib. Bütün oyunlarda məğlub olan Litva isə qrup sonuncusu olub.