"FİFA referiliyimdən çıxarılacağımı gözləyirdim deyəndə ki, hər şeyə hazır olmaq lazımdır. Bunu normal qarşılamaq gərəkdir. Olan oldu. Əsas odur ki can sağlığı olsun. Bunun üçün hər şeyi, işi də qurban verməyə hazıram". Bu fikirləri Sportnet.az-a açıqlamasında azərbaycanlı sabiq FİFA referisi Orxan Məmmədov bildirib. Gənc referisinin bu il şəxsi planda problemləri ilə əlaqədar az oyun idarə etdiyindən, mövqeyini əldən verəcəyini gözlənilirdi: "Bu, adi bir şeydir. Qiymətim zəif, oyunlarım az olub. Bunların hər biri reytinqimə mənfi təsir göstərib. Buna hazır olduğum üçün səs-küy qaldıran deyiləm, fikrim də yoxdur. Fürsətdən istifadə edək yeni FİFA referisi Ömər Paşayevi, yenidən təsdiqlənən Əliyar Ağayevlə Rəhim Həsənovu, digər beynəlxalq dərəcəli hakimlərimizi təbrik edir və qarşıdakı ildə Avropa matçlarında uğurlar arzulayıram".
Məmmədov FİFA referisi olmamaq xəbərini ilk olaraq mediadan öyrənib: "Mətbuatdan mənə xəbər çatdı. Sonra AFFA-dan soruşdum. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov FİFA referiləri arasında olmadığımı dedi. İki il bu statusda 10-a yaxın beynəlxalq matçda iş başında oldum. Bunlar arasında Avropa Liqasında qrup matçı - "Roma" - "Astra" qarşılaşması oldu. Həmin oyunda əlavə hakim köməkçilərindən biri idim".
31 yaşlı ədalət təmsilçisi FİFA referiliyindən birdəfəlik gedişini ağlından belə keçirmir: "Qardaşım, bu, son oyunum deyil. Heş kimə yerimi boş verən deyiləm. Sadəcə, bu, hələ ki beynəlxalq miqyasda son matçımdır. Məğluğlubiyyətlə barışmıram və yerimi qaytarmaq üçün sonadək döyüşəcəyəm".
Qeyd edək ki, Məmmədov son olaraq 2018-ci il dünya çempoionatının seçmə mərhələsində dünən keçirilən Kipr - Cəbəllütariq matçında Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasında yer alıb.
Mehman SÜLEYMANOV