"Heyətdə böyük itkilər vardı. Bəzi futbolçuların cəza və ya zədəyə görə yoxluğu oyunumuza təsir etmişdi. İlk yarıda zəif çıxış etdik. İstədiyimiz kimi oynaya bilmədik, bizdə alınmadı". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Novruz Məmmədov klub saytına açıqlamasında bildirib.
Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olan komandanın müdafiəçisi oyun haqda bunları bildirib: "Fasilədə toparlandıq, ikinci yarıda rəqib qapısına doğru hücumlar etməyə başladıq, topu özümüzdə daha çox saxlamağa çalışdıq. Hesabı bərabərləşdirə də bilərdik. Sadəcə, bəxtsizlik fərqlənməyimizə mane oldu. Şəhriyar Rəhimovla Orxan Əliyevin zərbələri tirə tuş gəldi. Bu iki epizoddan biri qol olsaydı, nəticə başqa cür də ola bilərdi. Bizim üçün ilk növbədə əsas olan hesabı bərabərləşdirmək idi. Qol vursaydıq, rəqib irəli atılacaqdı və bu zaman onların müdafiəsində boşluqlar yarana bilərdi. Bundan da istifadə etmək olardı. Amma bu, ehtimallardır. Onu dəqiq deyə bilərəm ki, qol vura bilsəydik, bizim üçün yaxşı olacaqdı”.










































































