Topaz Premyer Liqasının I turu çərçivəsində "Qəbələ” ilə keçirilən ev oyunu "İnter”in 2 futbolçusu üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 4:0 hesablı qələbəyə hərəyə 1 qolla töhfə verən Aleksandr Amisulaşvili və Məhəmməd Mirzəbəyov paytaxt təmsilçisinin heyətində ilk dəfə fərqlənib.
Bununla, onlar adlarını klubun tarixində qol sevinci yaşayan oyunçuların siyahısına əlavə ediblər. 2004-cü ildə indiki adına qovuşandan cari mövsümün startınadək "İnter”in 84 üzvü qol vurmuşdusa, Amisulaşvili 85-ci, Mirzəbəyov 86-cı oldu.
Qeyd edək ki, klubun 10 illik yeni tarixinin ən məhsuldar futbolçusu Baçana Sadadze 34 qol vurub.