"Kəpəz"in futbolçusu Julien Ebah "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, kamerunlu hücumçu əvvəlcə oyunu dəyərləndirib...
- "Neftçi" ilə oyunlarımız həmişə çətin keçib. Amma əsas odur ki, bu komandanı məğlub edərək, 3 xalımızı qazandıq. Qollardan birinin müəllifi olduğum üçün ikiqat şadam. Gələcək oyunlarda da qalib gələrək, avrokubok hədəfimizə çatmaq istəyirik.
- Dario Frederikonun yoxluğu barədə nə deyə bilərsiniz?
- "Kəpəz" bir nəfərdən ibarət komanda deyil. Futbol kollektiv oyundur. Sabah mən də zədəli ola bilərəm. Amma bütün futbolçular yaxşı oynamalıdırlar. Kollektiv futbol sərgiləməyə çalışmalıyıq.
- Komandanızın yeni hücumçuya ehtiyacı varmı?
- Əlbəttə. Çünki hazırda "Kəpəz"in yeganə nominal hücumçusu mənəm. Mən isə hər an zədələnə bilərəm. Baş məşqçimiz Şahin Diniyev yeni hücumçunun lazım olduğunu bildirsə, buna sevinərəm.
- Növbəti oyununuzu Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Şahdağ"a qarşı keçirəcəksiniz. Bu görüş barədə nə düşünürsünüz?
- Rəqib I Divizionda çıxış etsə də, bu, bizim üçün vacib qarşılaşmadır. Görüşə ciddi yanaşırıq. Məqsədimiz "Şahdağ"ı yenərək, 1/4 finala yüksəlməkdir.
- "Kəpəz"in Avroliqa şanslarını necə dəyərləndirirsiniz?
- Əsas hədəfimiz Premyer Liqada ilk "4-lüy"ə düşməkdir. Bu yoldakı əsas rəqiblərimizdən olan "Neftçi"ni məğlub etməyi bacardıq. Hələ çempionatın bitməyinə çox var. Premyer Liqa ilə yanaşı, ölkə kubokunda da əlimizdən gələni edərək, avroliqaya yüksələcəyik.