1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vitali Vernidub: "Xaqani Məmmədovun dedikləri mənim üçün gülməli oldu" - MÜSAHİBƏ
"Qəbələ"nin ukraynalı müdafiəçisi Vitali Vernidubun Sportnet.az-a müsahibəsi
- Premyer Liqanın ötən turunda "Qarabağ"la matçda penaltiyə səbəbkar olan futbolçu kimi epizodla bağlı nə düşünürsən?
- Penaltinin olub-olmaması ilə bağlı müzakirəyə yer yoxdur. Deyirlər ki, qayda pozuntusu var idi. Bu, gülməlidir.
- Həmin epizodda top sifətinə dəyəndən sonra əlinə toxunduğuna görə 11 metrlik cərimə zərbəsi təyin olunduğu bildirilir. Halbuki, zərbədən sonra sifətində qan vardı...
- Bəli. Çünki dodağım partlamışdı. Hansı ələ dəymədən söhbət gedə bilər ki, matç zamanı bunu hiss etmədim? Olsa da çox az, minimal dərəcədə idi. Bu, topun istiqamətini, trayektoriyasını dəyişmirdi. Konkret kiməsə ötürmə deyildi. Rəqibdən heç kim irəli çıxmırdı ki, mən onun qarşısını aldım. Heç bir təhlükə yox idi. Arxamda bir futbolçumuz vardı. "Qarabağ"ın hücumçusu heç epizoda yaxın da deyildi. Bir sözlə, qayda pozuntusu müzakirə olunası məsələ deyil. Birmənalı şəkildə penalti yox idi. Hesab edirəm ki, baş hakimin kobud səhvi idi. Bu, şəxsi fikrimdir.
- Baş hakim Rəhim Həsənovun cəzalanacağını gözləyirdinmi ki, haqq-ədalət öz yerini tapsın?
- Bunun bizə isti-soyuğu olmayacaq. Bununla işimiz asanlaşmayacaq. Hakimin cəzalanması haqda heç düşünmədim də. Çünki məni elə də maraqlandırmır. Komanda yoldaşlarımla danışdım. Onlar dedilər ki, AFFA Hakimlər Komitəsinin sədri penaltinin olduğunu deyib. Bu, mənim üçün hətta gülməli oldu.
- AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bunu "CBC Sport"da verilişdə deyib ki, orada "Qəbələ"nin rəsmiləri də iştirak edirdi. Məmmədovun sözlərinə görə, Həsənov matçda xırda səhvləri nəzərə almasaq, normal idarəçilik edib.
- Belə hesab edirsə, onda daha heç nə bilmirəm..Hakim səhv buraxırsa, onu etiraf etməyi bacarmaq lazımdır. Səhv varsa, bunu etiraf etmək olar, vəssalam. Əgər qaraya ağ deyirsənsə, bu, gülməlidir. Mən belə fikirləşirəm.
- Ukraynanın "Zarya" klubunun baş məşqçisi olan atan Yuri Vernidub "Qarabağ"la oyundan sonra səninlə əlaqə saxlayıbmı? Onun bu matçda hakimliklə, penalti epizodu ilə bağlı fikri necədir?
- Əlbəttə, telefon söhbətimiz olub. Atam də birmənalı şəkildə fikirlərimi təsdiqlədi. Dedi ki, penalti yox idi. Belə penalti vermək olmaz. Bu yaxında İngiltərə Premyer Liqasında "Bornmut" - "Arsenal" matçında eyni epizod oldu. Ancaq baş hakim "Arsenal"ın qapısına penalti təyin etmədi. Şərhçilər də bunun doğru olduğunu bildirdilər. Dedilər ki, belə penati olmur. Əgər Hakimlər Komitəsinin sədri hesab edirsə ki, penaltidir, daha heç nə bilmirəm. Bundan sonra nədən danışasan. Heç müzakirələr aparmağa dəyməz.
- İkinci mövsümdür "Qəbələ"də çıxış edirsən. Azərbaycanda hakimliyin səviyyəsi aşağıdır, yoxsa ümumilikdə qənaətbəxş sayırsan?
- Hər hakim səhv edə bilər. Bu, hər çempionatda mümkündür. Elə Ukrayna Premyer Liqasında da. Hamı səvh edir. Bu, adi haldır. Ümid edirəm ki, qərəzli deyil. Hərçənd, belə penalti verilirsə, başqa cür fikir yürütmək çətindir. Hər halda, ümid edirəm ki, bu, qərəzli deyildi.
- Ukraynada oynadığın vaxtda başına belə şey gəlmişdi?
- Orada digər hakim səhvləri, ədalətsiz qovulmalar olub. Bir futbolçunun özünə qarşı qayda pozuntusu olub, ancaq ikinci sarı, nəticədə qırmızı vərəqə elə ona verilib. Heç kəs səhvdən sığortalanmayıb. Ancaq səhvi başa düşmək lazımdır. Düzünü desinlər, yoxsa qaraya ağ yox. Əsas məsələ səhvi təhlil edərək düzgün nəticə çıxartmaqdır. Bu vacibdir ki, həmin xətalar bir daha təkrarlanmasın.
- "Qarabağ" artıq "Qəbələ"ni 3 xal qabaqlayır. Həm bu amil, həm də baş verənlər qarşıdakı matçlarda psixoloji cəhətdən komandanıza mənfi təsir göstərəcəkmi?
- Əlbəttə, yox. Hələ nə qədər oyunumuz var...Uzun çempionat qabaqdadr. Hər şey sonda həll olunacaq. "Qarabağ"la hələ 2 görüşümüz qalıb. Əsas odur ki, qalan matçlarda xal itirməyək və hamısında qalib gələk. Onda vəziyyətə aydınlıq gələcək. Buna görə də düşünmürəm ki, bizə nəsə mane olmalı, təzyiq göstərməlidir.
- "Qəbələ" bu gün Azərbaycan Kubokunda yeni mövsümə start verir. Rəqib I Divizion təmsilçisi "Zaqatala"dır...
- Məqsədimiz təkcə bu mərhələni keçmək yox, yalnız turnirin qalibi olmaqdır. Sadəcə, bu rəqibi keçmək yox, finaladək irəliləmək və orada qələbə qazanmaq qarşımızda duran vəzifədir.
Mehman SÜLEYMANOV