"Fiorentina"nın baş məşqçisi Paulu Souza Azərbaycana 2-ci dəfə səfər edib. Sportnet.az-ın məlumatına görə, 46 yaşlı portuqaliyalı mütəxəssisin ölkəmizə ilk gəlişi onun xatirində uğursuz səfər kimi qalıb.
Bu, milli komandasının heyətində 1999-cu ilin sentyabrında Azərbaycan yığması ilə rəsmi oyundur. Souza bu dəfə komandasını çıxaracağı Tofiq Bəhramov adına Respublika stadionunda 17 il öncə oynayıb. Özü də bu, ardıcıl 2 gün olub. Məsələ ondadır ki, həmin vaxt mərkəzi arenamızda projektorlara görə problem yarandığına görə Azərbaycan - Portuqaliya matçı yalnız ilk hissəsi oynanılıb və matç sabaha təxirə salınıb.
Sentyabrın 4-də keçirilən həmin qarşılaşmada start heyətində meydana çıxan Souza 68-ci dəqiqədə Kapuço ilə əvəzlənib. Keçmiş yarımmüdafiəçi meydanı tərk edəndə yığması hesabda 0:1 geridə idi. Çünki millimizin futbolçusu Zaur Tağızadə 51-ci dəqiqədə hesab açmışdı. Maraqlıdır ki, Tağızadə hazırda "Qarabağ"da baş məşqçi Qurban Qurbanovun köməkçilərindən biridir. Deməli, Tağızadə ilə Souza yenə rəqib olacaqlar. Ancaq bu dəfə futbolçu yox, məşqçi kimi.
Tağızadə həmin oyunda 84-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan çıxarılıb. Portuqaliyalılar bu say üstünlüyündən son saniyələrdə istifadə edərək lideri Luiş Fiqu ilə bərabərlik qolunu vurublar.
Qeyd edək ki, Souzanın Bakıya gətirdiyi futbolçulardan Xorvatiya milli komandasının da üzvləri olan yarımmüdafiəçi Milan Badellə hücumçu Nikola Kaliniç də "Tofiq Bəhramov"da oynayıblar. Badel Zaqreb "Dinamo"sunun heyətində 2001-ci ildə "Neftçi" ilə Çempionlar Liqasının qolsuz bərabərliklə nəticələnən cavab matçında iştirak edib. Kaliniç isə 2 il öncə "Dnepr"in heyətində Avroliqanın qrupunda məzh "Qarabağ"a qarşı oynayıb və 2:1 hesablı qələbədə etdiyi dublla böyük pay sahibi olub. Onların yığmanın heyətində millimizlə keçən il qolsuz bərabərliklə nəticələnən rəsmi oyunu isə "Bakcell Arena"da baş tutub.
Mehman SÜLEYMANOV