"İlin ən yaxşı baş məşqçisi" nominasiyasında məni qalib etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Hər bir məşqçinin arzusudur ki, bu ada sahib çıxsın". Sportnet.az-ın məlumatına görə, bunu Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda "İlin baş məşqçisi" adına sahib çıxan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov brifinqdə deyib.
Yerli mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin də ən yaxşı adına lyiq olduğunu bildirib: "Ötən il də mən seçilmişdim. Bu il də seçilməyim sürpriz oldu. Robert Prosineçkini ilk pillədə görürdüm. O da burada olsa, Prosineçkinin seçilməsini istəyərdim. 2016-cı il mənə çox şey öyrətdi. Düşünürəm ki, bunun faydasını gələcəkdə görəcəyəm. Çox oyunlar olub ki, məğlub olmuşuq, sonradan düşünmüşük ki, bu səhvləri buraxmazdıq. Amma sonradan gec olur. Hər bir məğlubiyyət böyük təcrübə verir. Get-gedə səhvlərin sayı azalır".
Q.Qurbanov komandasında müdafiəçi Rəşad Sadıqovu ilin futbolçusu adına layiq gördüyünü söyləyib: "Qrupdan çıxmamağımıza görə, rəhbərlikdən irad olmadı. Bizim müzakirələrimiz ondan ibarət olur ki, daha yaxşı nəticə göstərmək üçün nə etməliyik. "Qarabağ"da ilin futbolçusu kim olacağını demək çətindir. Amma ümumi keçdiyi yola nəzər saldıqda, həm milli, həm klub səviyyəsində fədakarlığına görə Rəşad Sadıqovu qeyd edərdim".