"Neftçi"nin futbolçusu Mahir Şükürov Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin son turunda AZAL-a 0:1 hesabı ilə məğlub odluqları ev oyunundan sonra müsahibə verib. Təcrübəli müdafiəçi Sportnet.az-ın matçda olan əməkdaşının da suallarını cavablandırıb.
- Qarşılaşmada ehtiyatda qaldınız. Komandanızın oyunu kənardan görünürdü?
- Kənardan izləmək mənim üçün də çox çətindir. Belə götürəndə, qol imkanlarımız oldu, sadəcə, istifadə edə bilmədik. Ancaq bu komandaya heç cür bəraət qazandırmaq olmaz. Məğlub olmuşuq. Bizim 2-3 oyunçunun futbolçusu elə AZAL-ın büdcəsi qədərdir. Ona görə də qalib gəlməyə məcbur idik. Ancaq bu, bizdə alınmadı.
- Səninlə Araz Abdullayev meydanda olmadı. Səncə, heyətdəki itkilər olmasaydı, nəticə başqa cür ola bilərdimi?
- Əlbəttə, olardı. Bəlkə də qalib gələrdik. Ancaq qarşıda "Zirə" ilə kubok oyunu var. Həmin cavab matçına hazırlaşmalıyıq.
- Belə düşünmək olarmı ki, "Neftçi" bütün diqqətini kuboka yönəldib? Çünki AZAL-la cəmi 1 xal fərqiniz var və çempionatda iddialar itirilib...
- Bəli. "Zirə”ni keçərik və klub rəhbərliyi ilə məşqçilər korpusu transferlər haqda fikirləşəcəklər. Komandamız güclənsə, avrokuboklar uğrunda mübarizə apara bilər.
- Səncə, "Neftçi"nin heyəti tam dəyişməlidir?
- Məncə, hə, Xatırlayırsınızsa, təyyarə qəzasına düşən "Şapekoense”nin məşqçisi demişdi ki, mən həyatımda 11-12 transfer görmüşdüm, ancaq 25 oyunçunun transferini ilk dəfə gördüm. Ona demək lazımdır ki, narahat olmasın, belə şeyi bir də "Neftçi”də görəcəklər. Komandamızda azı 16-17 futbolçu dəyişməlidir.
- Fasilə sənin üçün də yaxşı fürsətdir. Bu imkandan istifadə edərək formanı bərpa etmək üçün çalışacaqsan?
- Fasilədən sonra tam hazır olacağam. İndi də 60-70 faiz hazıram, ancaq onda tam yaxşı vəziyyətdə olacağam. Azarkeşlər əvvəlki Mahir Şükürovu yenidən görəcəklər.