"Neftçi" ənənələri olan komandadır. Düzdür, hazırda komanda çempionatda 7-ci pillədə qərarlaşıb. Lakin komandada məşqçilər korpusu dəyişib və məni heyran edən yüksək hədəflər var". Sportnet.az-ın məlumatına görə, bunu Bakının "Neftçi" klubunun yenu transferi Kirill Petrov Ukrayna mətbuatına açıqlamasında deyib.
Ukraynalı müdafiəçi Azərbaycan Premyer Liqasının səviyyəsindən və Avropa Liqasında vəsiqə qazanmaq üçün öz ambisiyalarından danışıb: "Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış etmiş komandadır. Bu səbəbdən mən komanda ilə yenidən qrupa yüksəlmək istəyirəm. Fikrimcə Azərbaycan çempionatının hazırkı səviyyəsi yaxşıdır. Komandada kifayət qədər legioner futbolçular var. Düşünürəm ki, Premyer Liqa Ukrayna çempionatından üstündür. Üstəlik karyeramda yeni səhifə açmaq istəyirəm".
O, "Neftçi"yə adaptasiya olmağında problem yaşayacağına şübhə etmir. Petrov bunu əvvəllər Polşa və Qazaxıstanda legioner həyatı yaşaması ilə əlaqələndirib: "Düzü "Neftçi"yə adaptasiya olmağım üçün nə qədər vaxtı lazım olacağını bilmirəm. Bunun üçün çempionatdakı atmosferi hiss etməli, özümə yeni kollektivdə, yeni mühitdə tapmalıyam. Ötən il "Dnepr"də olanda toplanış zamanı "Qəbələ" ilə qarşılaşdıq. Bu maraqlı və yaxşı rəqib idi. Yerli çempionatın liderlərindən biridir. Bu səbəbdən əminəm ki, Azərbaycan çempionatında oynamaq maraqlı olacaq. Təbii ki, uyğunlaşma bir az vaxt aparacaq. Amma mənə elə gəlir ki, bu uzun çəkməyəcək. Artıpq yanvarın 28-də Premyer Liqada qış fasiləsi başa çatacaq. Yalnız üç həftəmiz qalıb. Bu səbəbdən toplanışda yaxşı işləmək, oyunlara normal hazırlaşmaq lazımdır. Buna görə də komandaya tez uyğunlaşmalıyam. Bu isə mənim üçün heç vaxt problem olmayıb. Əminəm ki, "Neftçi"də hər şey qaydasında olacaq".
Qeyd edək ki, "Neftçi" Kirill Petrovla 1.5 illik müqavilə imzalayıb.