Türkiyənin "Bursaspor" komandasını "Kasımpaşa" ilə Super Liqa qarşılaşmasından qaytaran avtobus azarkeşlərin hücumuna məruz qalıb. Sportnet.az-ın məlumatına görə, hadisə Yalovadakı Osmanqazi körpüsü yaxınlığında baş verib.
Avtobusa soxulan bir qrup azarkeş əllərində bıçaq və dəyələnklərlə məşqçilər heyəti və futbolçuları ilə yumruq davasına çıxıb. Onlar futbolçuları təhqir etməkdən də çəkinməyiblər. 5 dəqiqəyədək davam edən davadan sonra azarkeşləri çətinliklə maşından endirmək mümkün olub. Hadisə nəticəsində avtobusun qabaq şüşəsi qırılıb, futbolçulardan bəziləri, o cümlədən, Türkiyə millisində də çıxış edən qapıçı Harun Tekin sifətindən xəsarətlər alıb. "Bursaspor"un şikayətindən sonra fanatlardan bəziləri saxlanılıb. Təhlükəsizlik xidmətinin müşayiəti ilə Bursaya qayıdan avtobus klubun bazasına arxa qapıdan girib. Baza qarşısında isə 100-dək fanat klub rəhbərliyini istefaya səsləyib.
Qeyd edək ki, "Bursaspor" Super Liqanın XII turunda səfərdə "Kasımpaşa"ya 0:4 hesabı ilə uduzub. Azərbaycan millisinin futbolçusu Deniz Yılmaz cəzalı olduğu üçün oyuna aparılmayıb.