İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin oxşarı olan iranlı Reza Parasteş öz populyarlığı barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, 25 yaşlı tələbə "New York Times" nəşrinə açıqlamasında bir neçə ay əvvəl fotosunun atası tərəfindən bir idman saytına göndərilməsindən sonra populyarlaşdığını bildirib.
O deyib: "Haradasa görünəndə insanlar həqiqətən də şoka düşürlər. Çox şadam ki, onlar məni gördükdə xoşbəxt olurlar. Bu, mənə böyük enerji verir".
Parasteş İranın 2014-cü il dünya çempionatında Argentinaya uduzaraq, 1/8 finala çıxa bilmədiyi anı da xatırlayıb. Həmin oyunda həlledici qolu məhz Messi vurub. Argentinalı futbolçunun oxşarı bildirib ki, oyundan sonra atası ona zəng vuraraq, "Bu axşam evə qayıtma. Nəyə görə İrana qol vurdun?" sualını ünvanlayıb: "O, mən deyildim" deyə gülərək cavab verdim".