Moldova Futbol Federasiyasının (FMF) prezidenti Pavel Çebanu Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"in Bakıda "Qarabağ"la keçirdiyi ilk oyun barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, P.Çebanu "İnfotag" agentliyinə açıqlamasında komandada oyun intizamının daha da yaxşılaşdığını bildirib.
Lakin o, futbolçuların ötürmələr zamanı çoxlu səhvə yol verdiklərini vurğulayıb. FMF rəhbərinin fikrincə, belə qüsurlar top uğrunda mübarizədə çoxlu güc sərfiyyatına səbəb olur: "Hələ ötən mərhələdə Albaniyanın "Kukesi" komandası ilə Tiraspoldakı oyundan sonra demişdim ki, baş məşqçi Roberto Bordin meydanda ümumkomanda intizamını yoluna qoymalıdır. İndi bu, daha yaxşı olub. Məncə, "Zimbru" ilə çempionat oyunundan sonra aparılan təhlillər komandanın xeyrinə işləyib. Bu matçda "Şerif" 2:1 hesabı ilə öndə olduğu halda, son dəqiqələrdə qələbəni əldən vermişdi. Amma yenə də ötürmələrdə səhvlər qalır. Komanda bunun acısını topu alarkən çoxlu güc sərf etməklə çəkir".
P.Çebanu Bakıda "Şerif"in "ikinci nömrə" kimi oynaması fikirləri ilə razılaşmayıb: "Komandamız nəticəyə oynayırdı və buna da nail oldu. "Şerif" "Qarabağ"dan güclüdür və buna görə də Çempionlar Liqasında mübarizəni davam etdirməlidir. Amma futbolda hər şey olur. Növbəti mərhələyə güclü komanda heç də hər zaman çıxmır".
Qeyd edək ki, "Şerif"lə "Qarabağ" arasındakı cavab görüşü avqustun 1-də Tiraspolda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.