"Növbəti mərhələyə layiq olan komanda keçdi. Hər iki oyunda meydanda biz üstün idik. Mərhələni daha rahat keçə bilərdik. Hər iki qarşılaşmada yaxşı oynadıq. Baxmayaraq ki, bu meydançada oynamaq heç də asan deyildi".
Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstan "Panatinaikos"unun baş məşqçisi Marinos Uzunidis "Qəbələ"ni Bakıda 2:1 hesabı ilə yendikləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
O bildirib ki, hesab daha böyük ola bilərdi: "Oyuna yaxşı köklənmişdik. Ancaq bir neçə qol fürsətini boşa verdik. Hesab daha böyük ola bilərdi. Futbolun yazılmamış qanunu var - sən qol vurmasan, sənə vuracaqlar. Belə də oldu. Lakin öz qapımıza qol vurduqdan sonra mümkün qədər təmkinimizi qoruyub saxladıq. Oyuna yaxşı kökləndik və 2 qol vurmağı bacardıq. Hətta 3-cü qolu da vura bilərdik. Fikrimcə, komandam bu gün qələbəyə layiq idi. ".
Uzunidis komandasından həddən artıq razı qaldığını vurğulayıb: "Çünki "Qəbələ” elə də asan rəqib deyildi. Bizimlə oyunlarda zəif təsir bağışlamalarına səbəb bizim yaxşı oynamağımız idi. Dünən də dediyim kimi, biz təkcə öz meydanamızda yox, rəqib meydanında da qalib gəlməyi bacarmalıyıq. Düzdür, biz hələ tam hazır deyilik. Ancaq bugünkü oyundan tam razı qaldım. Buna görə oyunçularımı təbrik edirəm. Qarşımızda buraxdığımız səhvləri düzəltmək üçün vaxt var. Bu müddətdə yeni oyunçularımız da komandaya tam uyğunlaşa biləcəklər".
Baş məşqçi "Qəbələ"nin sağ cinahının yaxşı olması səbəbindən həmin cinahda oyunçu dəyişikliklərinə əl atdığını əlavə edib. O, tribunadakı ab-havadan da razılıq ifadə edib.