"İnter” PİK-nın Müşahidə Şurasının sədri Zaur Axundov klubun adının "Keşlə” ilə əvəzlənəcəyinə aydınlıq gətirib.
Sportnet.az-ın məlumatına görə, o, paytaxt təsmilçisinin rəsmi saytına açıqlamasında bunun hansı zərurətdən irəli gəldiyini söyləyib. O, klubun adının "İnter” olmasının bilavasitə sabiq sponsor Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı olduğu üçün belə bir addım atmağı lazım bildiklərini deyib: "Məlum olduğu kimi, 2017-ci ilin yanvar ayında ABB yeni struktur dəyişiklikləri ilə əlaqədar olaraq "İnter” Peşəkar İdman Klubuna sponsorluq etməkdən imtina etmişdir. Bu dövrdən etibarən AFFA-ın klubu kənar idarəçiliyə götürmüş və klubun Premyer Liqada və Avropa Liqası oyunlarında iştirakını təmin etmişdir. Klubun adının "İnter” olması bilavasitə ABB ilə bağlı olduğu üçün hazırda klubun adının dəyişdirilməsi zərurəti meydana çıxmışdır. Bununla əlaqədar olaraq klubun bazasında onun futbol məsələləri ilə bağlı hüquqi varisi olaraq "Keşlə” FK-nın yaradılmasına ehtiyac yaranmışdır. Bunun üçün hüquqi prosedurlar başlanmış və proses yaxın müddət ərzində başa çatacaqdır.
Z.Axundov bildirib ki, klubun adının dəyişdirilməsi azarkeş bazasının da artacağına ümid yaradır: "Klubun bazası Keşlə ərazisində yerləşir. Buna görə də ümid edirik ki, Keşlə ərazisində yaşayan futbolsevərlər klubun oyunlarına gələrək komandaya dəstəklərini nümayiş etdirəcəklər. Hüquqi prosedurlar başa çatana qədər klub "Keşlə” FK adından brend olaraq istifadə edəcək. Prosedurlar yekunlaşdıqdan sonra tam olaraq "Keşlə” FK adı ilə fəaliyyət göstərəcək”.
Qeyd edək ki, "İnter” 2004-cü ilə qədər "Xəzər Universiteti” adlanıb.