İspaniyanın paytaxtı Madridə "Atletiko" ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyunu ilə əlaqədar səfər ərəfəsində "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni AFFA yanında Media Komitəsinin səhifəsinə istinadən təqdim edir...
- Bakıda "Atletiko” ilə heç-heçə edə bildiniz. Cavab oyunundan nə gözləyirsiniz?
- Bizim üçün tarixi oyun olacaq. Təbii ki, nəticə də çox önəmlidir. Madridə oynamağa, əlimizdən gələni etməyə gedirik. Xalla dönmək istəyirik. Arzumuz budur. Bakıda ilk dəqiqələrdən göstərdiyimiz oyunu orada təkrarlaya bilsək, xalla dönmək mümkündür.
- Madrid klubunun rəsmiləri Bakıdakı nəticəni necə qarşıladılar?
- "Atletiko”nun prezidenti Enrike Serezo oyundan sonra məni təbrik etdi, möhtəşəm oynadığımızı dedi. Əlbəttə, itkilərimiz, zədəlilərimiz var. Ancaq hesab edirəm ki, "Qarabağ” Madriddə da gözəl oyunla başımızı uca edəcək.
- Qrupdakı ən ağır oyun saymaq olar?
- Çox ağır olacaq. Qarşıdakı rəqibə baxın. Bircə "Çelsi”yə məğlub olublar, özü də 90+4-cü dəqiqədə buraxılan qolla. Bakıdakı tempi qoruya bilsək, xal qazanarıq. Məncə, Bakıdakı oyun onlar üçün şok idi. Təbii ki, bundan nəticə çıxarıblar, bu oyuna yaxşı hazırlaşıblar. Amma biz də hazırlaşmışıq. Görək necə alınacaq...
- Hamımız bilirik ki, "Qarabağ” Azərbaycan futbolu üçün zirvədir. Adama elə gəlir ki, bundan o yana heç nə yoxdur. Amma futbol dayanmır, inkişaf edir. "Qarabağ”ın bundan sonrakı inkişafının yolunu nədə görürsünüz?
- İnkişafı gənclərdə görürəm. O gün bir klub prezidenti ilə söhbət edirdik. Elə bu sualı bir-birimizə verdik. Yəni, necə inkişaf edə bilərik? Həmkarım dedi və mən də bi fikirlə razıyam ki, artıq uşağı 5 yaşından götürmək lazımdı kluba. Xaricdən futbolçu gətirməklə də büdcəsi 1 milyardı aşan rəqiblərə qarşı durmaq çətindi. Gücümüz özümüzdədi. İndi "Qarabağ”da 9 yaşlı uşaqlar oynayır. Biz bu həddi 5-ə endirməliyik. Azərbaycanda futbol oynamaq nüfuz halına gəlməlidi. Futbol oynamaq istəyən yeniyetmələri ailələri dəstəkləməlidi. "Qarabağ” da bu məsələyə böyük ciddiliklə yanaşmalıdır.
- Klub olaraq gələn il də Çempionlar Liqasında oynamaq istəyirsiniz?
- Əlbəttə, bura gəlmişiksə, qayıtmaq istəmirik. Bu illər Qarabağımız üçün siyasi cəhətdən həssas dövrdü. Əlbəttə, "Qarabağ”ın oyun keyfiyyəti ildən-ilə artır. Bu artım davam etməlidi. Amma öz səviyyəmizdə. Bilirsiz ki, Çempionlar Liqasının reqlamentində dəyişiklik var. Qrupa düşməyi çox çətinləşdiriblər. Hələ də başa düşə bilmirəm ki, məqsədləri nədi... Bizim kimi klubları dəstəkləmək istəyirlərsə, yeni reqlament bizə kömək etmir. Artıq "Qarabağ”ı dünya tanıyır. Əlbəttə, "Çelsi”, "Roma”, "Atletiko” kimi klubların yanında büdcə baxımından kiçikdi. Amma özümüzə görə ad-sanımız var artıq.
- Klubun maliyyələşməsində hansısa problem yoxdur?
- Heç bir problem yoxdur. Mən sizə deyim də... Dünyadakı bütün neft ölkələrində olduğu kimi, Azərbaycan da böyük çətinliklərdən keçdi. Sevindiricidir ki, ölkəmiz bu mərhələni adladı. "Azərsun” da o cümlədən. Mən sizi tam əmin edirəm ki, maliyyə baxımından heç bir əskikliyimiz yoxdur. İndiki templə də davam edəcəyik.
- Yenə çempionluq uğrunda mübarizə aparırsınız. Hansı klubları özünüzə əsas rəqib görürsünüz?
- Birinci "Qəbələ”ni deyərdim. Doğrudan da, möhtəşəm oynayırlar. Son uğurlarına görə bu komandanı təbrik edirəm. "Qarabağ”ın bu oyuna hazırlaşmasına da hansısa mənada yardım etdilər. Gördüm ki, arxayınlaşmaq olmaz. Son məğlubiyyət sanki "Qarabağ”a təkan oldu. Amma "Neftçi” də özünü doğrultmağa başlayıb. Çox güclü rəqib olmağa doğru gedir.
- Artıq ictimaiyyətdə belə fikir formalaşıb ki, Qurban Qurbanov yığmanın baş məşqçisi olmalıdır. Belə təklif olarsa, rəhbər kimi reaksiyanız necə olacaq?
- AFFA-dan mənə rəsmi müraciət olmayıb. Bir şərtim var. "Qarabağ” Azərbaycanı sevən hər kəs üçün böyük dəyərdi. Bu kluba heç vaxt zərər dəyməməlidi. "Qarabağ”a zərər vurmayacaq, əksinə, yardım edəcək, onu gücləndirəcək hər təklifə müsbət baxıram. Ona görə də hesab edirəm ki, "Qarabağ”a ziyan vurmayacaq istənilən təklifə müsbət baxmaq olar. Amma hələlik belə bir variant müzakirə olunmur.
- Belə çıxır ki, Qurban Qurbanovun "Qarabağ”da və yığmada paralel çalışmasına razısınız?
- Yenə də deyirəm: mənə gələcək təklifin şərtlərindən asılıdır. "Qarabağ”a zərər verməmək şərti ilə... "Qarabağ” yığmaya kömək edə biləcəksə, milli komanda ilə işbirliyi şəraitində müsbət nəsə alınacaqsa, niyə də olmasın?! Məsələyə praktik cəhətdən yanaşmalıyıq. Milli komandanın, Azərbaycanın da adı önəmlidi. Bu məsələyə münasibətimiz müsbətdi. Bir şərtlə ki, "Qarabağ”a ziyanı dəyməsin, kömək olsun.