"Keşlə" komandasının qapıçısı Orxan Sadıqlının Sportnet.az-a müsahibəsi
- Nizami Hacıyev və Mirhüseyn Seyidovun saxlanılmalarından xəbər mətbuatda yayılmamışdan öncə məlumatlı idin?
- Dünən axşam - MOİK-lə Azərbaycan Kubokunun 1/8 final oyunundan sonra bu barədə söhbət oldu, eşitdik.
- Onları oyununuzadək tutmuşdular, yoxsa oyundan sonra?
- Xeyr, oyundan sonra tutulublar.
- Dünən həmin futbolçular oyunda idilər?
- Həmin futbolçularla yanaşı, digər oyunçular da yox idilər. Onlara baş məşqçi Ramiz Məmmədov icazə vermişdi.
- Onların hardasa saxlanılması barədə məlumatın varmı?
- Qardaş canı, mənim heç nədən xəbərim yoxdur. Mən də hər kəs kimi, danışanlardan eşitmişəm.
- Komandanın aparıcı futbolçularından hesab olunursan. Bu hadisələri eşidəndə necə qarşıladın və baş verənləri nə dərəcə real sayırsan?
- Elə vəziyyətdir ki, bu, insanda şok təsiri yaradır. Sadəcə, axıradək gözləyirik ki, necə olacaq. Bu barədə nəsə danışmaq da çətindir. Heç nəyi dəqiq bilmirəm. Yalandan danışmaq bizə yaraşmaz.
- Yalandan yox, bəlkə bir az daha cəsarətli danışasan? Məsələn, komanda yoldaşın Adrian Skarlatake deyir ki, bəzi oyunlarda futbolçuların zədəni bəhanə edərək, bilərəkdən oynamamalarından şübhələnib. O fikirlərini daha açıq formada söyləyir...
- Skarlatake elə deyirsə, özündən soruşmaq lazımdır ki, şübhələnirdinsə, niyə heç kimə demirdin? Mən yenə deyirəm: Heç nədən xəbərim yoxdur. Bunları hamı kimi mən də eşitmişəm. O uşaqlarla heç bir əlaqəm olmayıb. Sadəcə, bu məsələnin necə olacağını gözləyirik. Təki axırı yaxşı olsun.
- Qapıçısan, meydanda baş verən hər şeyi görə bilirsən. Sənə komandanın oyunu necə görünürdü? 7 ardıcıl məğlubiyyət...
- Fikirlər fərqlidir. Ötən il də uduzurduq. Sadəcə, həmin vaxt futbolçumuz çox idi. İndi isə 2-3 təcrübəli futbolçumuz var. Çempionatın əvvəlindən demək olar ki, 11 oyunçu ilə çıxış edirik. Mənim dizimdə ödəm var. Amma bu vəziyyətdə oynayıram. İynələrin köməyi ilə oyunlara çıxıram. Bu hadisələr elə bir şeydir ki, adam bilmir nə danışsın. Bilmədiyim bir şey haqda nəsə deyə bilmirəm, ayıb sayıram.
- Bu mövsüm VI turda səfərdə "Zirə” ilə heç-heçə oynamısız. Həmin oyundan sonra nə baş verdi? Ardıcıl məğlubiyyətlər onda başladı...
- Yaxşı oynadığımız oyunlar olub. "Qəbələ” və "Zirə”yə qarşı yaxşı çıxış etmişik. Hər oyun qol vurmaq üçün epizodlarımız olub. Sadəcə qollar vura bilməmişik. Qol vurmayan komanda qapısında qol görür. Müdafiədə də səhvlər olur, qapıçı da səhv edir. Sadəcə, bu söhbətin çıxması bizdə şok effekti yaratdı. İstər-istəməz təsir edir. İllərdir bir yerdəyik. Gözləyək, görək, nə xəbər gəlir. Harda olduqlarından, nə etdiklərindən xəbərimiz yoxdur.
- Belə söz-söhbətlər var ki, "Neftçi” ilə oyundan əvvəl tutulanlar vasitəsi ilə sizə oyun satmaq təklif olunub. Sən və daha 3 futbolçu rədd cavabı vermisiniz...
- Xeyr, belə şey olmayıb. Hər kəsin xarakteri fərqlidir. Bizdə elə bir şey yoxdur. Təklif də olmayıb. Mən yeməyimi yeyim, otaqda istirahətimi etmişəm və matça hazırlaşmışam. Oyuna köklənmişəm. Sadəcə, oyunun ertəsi belə söhbətlər çıxıb. Mənə heç bir təklif olmayıb.
- Necə ola bilər ki, bu cür hadisə olsun və siz onu hamı kimi dünən öyrənəsiniz, hüqüq-mühafizə orqanları bunu bilsin, amma futbolçuların xəbəri olmasın?
- Mən oyundan çıxanda telefonu söndürmüşəm. Srağagün axşam bazaya şam etməyə gələndə telefonu yandırmışam. Səhəri gün oyundan qabaq bu hadisəni eşitmişəm. İnsanlar fərqlidir. Mümkündür ki, sən məndən çox şeyi bilirsən. Sadəcə, mənim bu barədə məlumatım yoxdur. Belə hadisələr olur və mən sonradan bilirəm. Bu, mənə də təsir edir. Ən azından nə isə etmək lazım idi ki, qarşısı alınsın. Onların da ailəsi, övladları var. Allah onların da köməyi olsun.
- Amma ortada çirkin oyunlar varsa, hər kəs cəzasını almalıdır. Biz də onu bilmək istəyirik ki, hansısa oyunun danışılmış olduğunu hiss etmisənmi?
- "Keşlə"yədək "Xəzər Lənkəran”da çıxış etmişəm. Orada da mənə təklif olmayıb. İnsanın xarakterindən asılıdır. Nə danışılmış oyunlara çıxmışıq, nə də təklif gəlib. Keçən il qapıda daha çox Səlahət Ağayev dururdu. O, zədələnəndə mən oynayırdım. Bu il əsas heyətdə çıxış edirəm. Elə hadisələrlə rastlaşmamışam. Öz aramızda danışmışıq ki, hansısa görüşdə yaxşı oynayaq, qələbə qazanaq və özümüzə gələk. Durduğun yerdə kiminsə barədə nə isə danışmaq olmur. Mən yalandan danışa bilmərəm. Hamı kimi gözləyirik ki, axırı necə olacaq?
- Bu cür vacib hadisə baş verib və siz futbolçularda zərrə qədər şübhə yaranmayıb?
- Kimsə bu söhbətin içində ola bilər. Kiminsə məlumatı da ola bilər. Sadəcə, mən uzaq olmuşam. Mənimlə bu barədə söhbət etməyiblər. Bizdə o fikir də olmayıb. Həmişəki kimi məşqimizi etmişik. O fikirdə olsaydıq, bəlkə hiss edərdik.
- Dünən komanda ölkə kubokunda qələbə qazandı. Bu, sizə situmul verə bilərmi? 2017-ci ilin son turunda da "Qəbələ” ilə oynayacaqsınız...
- Pis çıxmasın, rəqibi alçaltmaq üçün demirəm. MOİK-i də məğlub edə bilməyəcəyiksə, gərək futbol oynamayaq və çantamızı götürək, evimizə gedək. Bu söhbətlərə görə aləm bir-birinə qarışıb, bir-birinə elə dəyib ki, oyunu necə keçirdiyimiz, nəticənin necə olduğunu bilməmişəm. Sadəcə, hər 45-ci dəqiqədə ayılmışam ki, hakim birinci və ikinci hissəni bitirdi. Yəni, belə söhbətlər insanın motivasiyasına pis təsir edir.
- O futbolçularnan görüşməyə cəhd eləmisən?
- Mən hər ikisinə də zəng etmişəm. Yəqin ki, telefonları özlərində deyil. Cavab vermədilər.
- Bəs yerlərini öyrənməyə cəhd eləmisiniz?
- Yerlərin bilmirik. Klub rəhbərliyindən də soruşdum. Onlar da bilmirlər. Hər şeyi mətbuatda oxuyuruq.