"Oyunun ağır kecəcəyini bilirdik. Rəqib də, biz də qarşılaşmaya ciddi hazırlaşmışdıq. İkinci hissədə komandamız gücünü ortaya qoyaraq, yaxşı oyun sərgilədi. Birinci oyun idi. İstər-istəməz çempionatın ab-havasına alışmaq lazımdır. Düşünürəm ki, növbəti matçlarda bu gün etdiyimiz səhvləri aradan qaldıracağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin qapıçısı Kamal Bayramov Topaz Premyer Liqasının XV turunda evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. Bayramov fasilədən sonra daha yaxşı oyun sərgiləmələrini baş məşqçi Ayxan Abbasovun tapşırıqları ilə əlaqələndirib: "Ayxan müəllimin hər zaman xüsusi tapşırıqları və motivasiyası olur. Oyundan öncə və fasilədə bizə tövsiyyələrini verir. Fasilədə bizə matça köklənməyimizə dair yenə xüsusi motivasiya verdi. Komanda ona görə daha aktiv oynayırdı".
Bir sıra epizodda komandasını qoldan xilas edən təcrübəli qolkiper bunu hər bir qapıçının borcu sayaraq, milliyə dəvət almasının baş məşqçi Qurban Qurbanova aid məsələ olduğunu söyləyib: "Komandanı vəziyyətlərdən xilas etməliyəm. Buraxdığımız qolda mənim də səhvim var idi. Milli komandaya dəvət isə baş məşqçinin qərarıdır. Belə məsələlər onların ixtiyarındadır".
Kapitan növbəti turda səfərdə "Qəbələ" ilə keçirəcəkləri görüş barədə də danışıb: "Bizi çox ağır oyun gözləyir. Çalışacağıq ki, çempionatda iddiamızı davam etdirək".
Təbriz QULİYEV