1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rail Məlikov: "Foqtsun dövründəki həvəsim indiyə qədər qalır" - MÜSAHİBƏ
"Sumqayıt"ın futbolçusu Rail Məlikov "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir...
- Çempionatda uzun fasilə yaranıb. Belə qarşılaşmalar sizin üçün nə dərəcədə önəmlidir?
- Önəmli matç idi. Çünki qış fasiləsindən sonra yaxşı start götürmüşük. Bu qədər fasilənin yaranması təbii ki, bizə yaxşı işləməzdi. Qələbələri sıralayandan sonra fasilə yaranan zaman komanda öz oyununu itirir. Belə oyun bizə vacib idi. "Qarabağ” kimi güclü rəqiblə qarşılaşdıq. Bizə faydası çox oldu.
- Son zamanlar "Qarabağ"la uğurlu oyunlar keçirirsiniz. Yoxlama görüşü olsa da, bu dəfə məğlub oldunuz. Bu oyunda qalib gəlmək üçün nə çatmadı?
- Yeni oyunçular var idi. Əsas heyət üzvlərinin əksəriyyəti yox idi. Gənc futbolçularla birgə 1 həftə olar ki, çalışırıq. Bizimlə eyni taktiki məşqləri edə bilmirlər. Bir az anlaşma zəif idi. Yenə də 1:1 hesabı pis deyildi. Sadəcə, son saniyələrdə qapımızda top gördük. Bu, böyük nəticə deyil. Çünki yoxlama görüşüdür. Əsas çempionat oyunlarıdır.
- Artıq "Zirə”ni də keçib 3-cü pilləni ələ keçirmisiniz. Bunu əldə saxlamaq çətin olmayacaq?
- Biz istəmirik ki, 3-cü pillə ilə kifayətlənək. "Qəbələ” ilə səfərdə oynayacağıq və onlardan 5 xal geriyik. Qələbə qazansaq, xal fərqi 2 olacaq.
- Belə görünür ki, qarşınıza 2-ci yeri tutmaq hədəfi qoyulub…
- Xeyr, qarşımıza məqsəd qoyulmayıb ki, hansısa yeri tutaq. Biz ancaq bacardıqca xal toplayıb, irəli getməyi düşünürük. İndi qələbələri sıralayarıq. 3-cü yer də yaxşıdır. Hədəfi aşağıdan götürmək lazım deyil. Ən üst pillədən hədəfin olmalıdır ki, nəyəsə nail ola biləsən.
- Komanda daxilində avrokuboklar nəfəsi hiss olunurmu?
- Çempionatın başa çatmasına 8 tur qalıb. Premyer Liqa başa çatdıqdan sonra bu ab-hava tam hiss olunacaq. Biz arxayınlaşmırıq.
- Apreldə çempionat oyunları ilə yanaşı, kubok matçları da baş tutacaq. İki cəbhədə mübarizə aparmağa konsentrasiya ola biləcəksiz?
- Əlbəttə, məşqçilər korpusu bu oyunları düzgün planlaşdıracaq. Futbolçular normal şəkildə yük altına düşəcəklər. Hər şeyi zaman göstərəcək.
- Daha çox kuboka köklənəcəksiniz?
- Xeyr, hər iki cəbhədə mübarizə aparacağıq. Hədəf qoyulmayıb ki, kuboku götürək. Nə qədər bacarırıqsa, irəli gedəcəyik. Şanslarımızın hər ikisindən bacardıqca istifadə etmək istəyirik.
- "Sumqayıt"dan 4 futbolçu milliyə dəvət aldı. Rail Məlikovun də yığmaya dəvət almaq istəyi var, yoxsa artıq yaş öz sözünü deyir?
- Bu, yaxşı sual oldu. Hər bir azərbaycanlı futbolçu üçün milli komanda şərəfdir. Yaşın isə fərqi yoxdur. Yaş çox olsa da, o demək deyil ki, gücümüz azdır. Hər kəs oynamaq istəyər. Oynamasam da, millidə kifayət qədər çıxış etmişəm. 8 il yığmada oynamışam. İndi kimlər oynayırsa, onlara uğurlar arzu edirəm. Qurban Qurbanovu və onun komandasını dəstəkləyirik. İnanıram ki, daha yaxşı uğurlar qazanarlar.
- Belarusla oyunda millimizdə 31 və 32 yaşlı futbolçular debüt görüşü keçirdi. Sənə həvəs gəlmir?
- Berti Foqtsun dövründəki həvəsim indiyə qədər qalır. Güc varsa, istək də var. Hər şey göz qabağındadır. Yetərincə gücüm var. Çempionat oyunlarında da 90 dəqiqə çıxış edirəm. Diqqət yetirin, yorğunluq hiss edirsiniz?
- Millinin heyətində Belarusa qarşı matçda "Sumqayıt”ın hansı futbolçusunu fərqləndirərdin?
- Cavidin özünə də dedim ki, ikinci hissədə daha yaxşı oynadı. Düzdür, bunları məşqçilər daha yaxşı bilər. Tural Axundovun debüt oyunu idi. Yunanov isə bir az həyəcanlı görünürdü. Tural Amildən bir az təcrübəlidir. Ona görə də həyəcanı hiss olunmurdu. Bu futbolçular oynadıqca daha yaxşı olacaqlar və həyəcan qalmayacaq.
- Zaman tez keçir. Yəqin ki, sən də bir gün butslarını mıxdan asmağa qərar verəcəksən. Maraqlıdır, məşqçi olmağı planlaşdırırsan?
- Fikrim var ki, bu ildən B kateqoriyasını oxuyum. Oyunlarda iştirak edə-edə buna yiyələnmək istəyirəm. B kateqoriyasına yiyələndikdən dərhal sonra A-nı oxuyacağam.
Təbriz QULİYEV