Azərbaycan millisinin Makedoniya ilə yoldaşlıq görüşündə Belarusla oyundakı 4-2-3-1 sistemi saxlanılmışdı. Ümumiyyətlə, səhv etmirəmsə, Berti Foqts da, Robert Prosineçki də komandamızı bu sistemlə oynadırdı. Qurban Qurbanov taktikanı dəyişməsə də, oyun tərzini dəyişmək istədiyi baxanda da görünür. Ümumiyyətlə, komandamızın topla çox oynaması, ən azı, müdafiəyə qapanıb qalmaması "müdafiə komandası” adını üstümüzdən götürür ki, bu da sevindiricidir.
Belarusla oyunda komandamız ilk yarım saatında rəqib müdafiəsini mərkəzdən yarmağa çalışırdı. İlk cinah asmasını isə 32-ci dəqiqədə soldan Şəhriyar Rəhimov ötürmüşdü. Makedoniya ilə oyunda isə görüşün ilk yarım saatı ərzində komandamızın hücumları sağ cinahdan təşkil etdi və əsas iş Araz Abdullayevin üzərinə düşdü. Görünür ki, bu, baş məşqçinin tapşırığı olub. Daim eyni tərzdə oynamaq mümkün deyil. Rəqib bunu öyrənir və əks-həmlə tətbiq edir. Ona görə də baş məşqçi həmişə axtarışda olmalı və yeniliklər tətbiq etməlidir. Bu baxımdan, hər iki oyunda bir-birindən fərqli hücum tərzini də bu axtarışların bir forması kimi qəbul etmək olar.
Məşqçilər oyun tərzini seçərkən həm də rəqibin zəif nöqtələrini öyrənir və həmlələrini də həmin zonalardan edirlər. Komandamızın ilk yarım saatı daim, qalan vaxtlarda isə zaman-zaman rəqibin sağ cinahını "mazol” etməsi bununla, yəni rəqibin sağ cinahının zəif olması ilə də əlaqədar ola bilər.
Bundan başqa məşqçilərin daha bir taktiki seçimi oyunçuların funksional bacarıqlarına dayanır. Bu baxımdan, hücumları sağ cinahdan qurmaq həm də bununla əlaqədar ola bilər. Məsələ burasındadır ki, Araz həm birdən-birə rəqiblərini çox vaxt uda bilir, həm də cinah ötürmələri çox keyfiyyətlidir. Təsadüfi deyil ki, qolu gətirən penaltinin yaranma səbəbində də onun sağ cinahdan gələn ötürməsi xüsusi rol oynadı.
Ən maraqlısı odur ki, Araz solaxaydır. Ancaq bu oyunda ötürmələrini sağa cəkib sağ ayaqla qapı ağzına havalandırma ilə edirdi. İndi təsəvvür edin, sol cinahdan sol ayaqla ötürsə, necə olardı. Açığı mən gözləyirdim ki, zaman keçdikcə onlar Namiq Ələsgərovla yerlərini dəyişəcəklər və Abdullayev sol cinahdan sol ayağını da işlədəcək. Ancaq demək olar ki, bu, baş vermədi.
Ümumiyyətlə, Araz hücuma dəstək verəndə topla olduğu zaman demək olar ki, eyni işi gördü: Sağdan girib topu qapı qarşısına vermək. Bəlkə də bu, baş məşqçinin tapşırığı idi. Amma zənnimcə, hərdən futbolçu öz yaradıcılığını da işə salmalı, improvizasiya etməlidir. Konkret, 63-cü dəqiqədə topu sola çəkib qapını "görən” sevimli ayağı olan solla qapıya zərbə vursaydı, əməlli-başlı təhlükə olardı. Zatən, solaxay vingerləri sağda, əsasən, bu məqsəd üçün oynadırlar. Amma Araz bu dəfə də sağa çəkdi və onun qarşısında olan rəqibi də bunu bildiyindən (çünki oyun ərzində Araz bu cür çoxlu həmlə etmişdi), onun hərəkətini "oxudu” və hücumun qarşısını ala bildi.
Yığmamızın sol cinahdan ilk hücumu 30-cu dəqiqədə baş verdi və az qala qolla nətilənəcəkdi. Əslində buna sol cinah hücumu da demək olmaz. Hücum mərkəzdən qurulmuşdu. Meydanın dərinliyindən Qara Qarayev Dmitri Nazarova yaxşı otürmə verdi və sonuncu da qabağında oyunçunu arxada qoyub sol cinahdan açılan Namiq Ələsgərova, danışıq dili ilə desək, qəşəng ötürmə verdi. Namiq də hər şeyi yaxşı etdi: müdafiəçini keçdi və topu Amil Yunanova tərəf ötürdü. Ancaq bunu göstərə-göstərə etdiyindən, rəqib qapıçı onun niyyətini oxudu. Burada Namiqin sağ ayaqlı olmasını, qapı ağzına ötürməsini isə o qədər də işlək olmayan sol ayağı ilə verdiyini də nəzərə almalıyıq.
İşlək ayaq demişkən, 58-ci dəqiqədə ən yaddaqalan qol epizodu, çox güman ki, ev tapşırığı olan, Nazarovun zərbəsi ilə nəticələnən hücum həlledici ola bilərdi. Amma qol olmadı. Burda da yenə eyni məsələni nəzərə almaq lazımdır. Nazarov zərbəni işlək ayağı ilə yox, sol ayağı ilə vurdu. İşlək olmayan ayaqla da futbolçu həmişə istədiyini edə bilmir.
* * *
Oyun zamanı toplar Arazla yanaşı, texnikası daha yüksək Almeyda və Nazarova çox gəlirdi ki, bu, oyunun onların üzərində qurulmasını deməyə əsas verirdi. Ümumiyyətlə, Dmitri, Namiq və Riçard əvəzləndikdən sonra hücumlarımızın kəsərinin xeyli azaldığını demək olar. Çünki Nazarov çıxandan sonra qol epizodumuz olmadı, digər iki futbolçu çıxandan sonra isə hücumlarımızın kəsəri azaldı.
Almeyda bəzi epizodlarda komanda yoldaşlarına necə oynamağa dair klubda Qurbanovun rəhbərliyi altında az oynayan və ya ümumiyyətlə oynamayan futbolçulara göstərişlər verirdi. Riçard yəqin ki, Qurbanovla bir yerdə çoxdan işlədiyindən, onun fikirlərini yaxşı başa düşür və bu fikirlərin meydanda tətbiqi üçün futbolçulara bəzi göstərişlər verməsi də bu səbəbdən ola bilər. Riçard "Qarabağ”ın liderlərindən biridi. Amma Azərbaycan yığmasında bu, bir qədər çətin ola bilər.
Məsələ burasındadır ki, "Qarabağ” klubdur, milli komanda deyil. Burada istənilən şəxs, qabiliyyəti varsa, komandanın liderinə çevrilə bilər. Amma milli komandada "hansısa gəlmənin” göstəriş verməsi yerlilərə xoş getməyə bilər. Amma zənnimcə, bu, düzgün deyil. Qərar alınıbsa ki, o, bizim millinin oyunçusudur, Azərbaycanın yığmasının köynəyini geyəcək, onda onun da bizim bir parçamıza çevrildiyi qəbul edilməlidi və fərq qoyulmamalıdı. Necə deyərlər "Su girdi qaba, oldu içməli”. Zənnimcə, Qurbanov bu məsələləri yoluna qoya biləcək. Kimsə onun qabağında "göz-qaş” ata bilməz. Hər halda aldığı qərarlar bunu yazmağa əsas verir.
Bir şey dəqiqdir ki, Riçard oyunu ilə liderdir.
* * *
Futbolda əsas məqsəd olan qol vurmaq üçün mümkün qədər rəqibin çox oyunçusunu arxada qoymaq (buna türklər "oyundan düşürtmək” deyirlər) və rəqibin qapısına həmlə etmək lazımdır. Bəzən biz yığmamızın oyununda görürdük ki (bu cür hal "Qarabağ”da da olur), komandamız rəqibin bir xeyli futbolçusunu, türklər demişkən oyundan düşürür, birdən çevrilib arxaya öz müdafiələrinə pas atır və bu zonadan yeni hücuma başlayırlar. Bununla da rəqibin oyundan qopan futbolçularının mövqelərinə qayıtmalarına şərait yaradırlar. Belə geri pas atmalara görə Belarusla oyunda, bəlkə də tarixində ilk dəfə yığma komandamız fitə basıldı. Bu cür oyun tərzi ilə komandamız ola bilər ki, topu özündə saxlamağa cəhd göstərir. Amma zənnimcə, rəqibin futbolçularını oyundan düşürtmüsənsə, hücumu başa çatdırmağa çalışmalısan. Çünki bu, hansısa zəhmət hesabına başa gəlib və geriyə qayıtmaq həmin zəhmətin itirilməsidir.
Ümumilikdə isə komandamızda sol cinahda oynayacaq müdafiəçi mövqeyində solaxay oyunçu problemi var. Son oyunda bu cinahda Ürfan Abbasov pis çıxış etmədi. Amma o, solaxay deyil. Solaxay olmaq isə bu cinah müdafiəçisi üçün çox vacibdir. Moldova ilə oyuna çağırılan Təmkin Xəlilzadə solaxay olsa da, klubunda əsas heyətə düşə bilmir. Həm də son vaxtlar o qədər də nəzərə çarpmır. Digər solaxay Şəhriyar Rəhimov Belarusla oyunda görünürdü ki, taktiki planda komanda ilə sinxron hərəkət edə bilmir. Bəlkə də ilk dəfə olduğundan, belə alınıb, zaman keçdikcə düzəlir?
İlk baxışdan, mərkəz müdafiəçisi mövqeyi də problemli görünə bilər. Çünki cinahda çıxış edən Maksim Medvedev məcburiyyətdən bu mövqedə oynayır. Amma tezliklə Bədavi Hüseynov sağalacaq, "Qarabağ”ın son oyunlarında yüksəlişdə olan olan müdafiəçisi Elvin Yunuszadə də bağışlansa, burda hər şey qaydasına düşəcək. Hələ lazım gəlsə Rəşad Sadıqov da qayıda bilər. Bu işlər qaydasına düşsə, Maksim də rahat şəkildə öz sevimli sağ cinahına qayıdacaq.
Ümumiyyətlə, komandamızda hər mövqedə demək olar ki, rəqabət var və bu, yaxşı haldır. Mövqe uğrunda əsas heyətin oyunçusunun "qarşısında” onunla rəqabət apara biləcək alternativi varsa, bu, həmin futbolçunun arxayınlaşmamasına, daha da inkişaf etməsinə gətirib çıxarır. Əks halda, o, arxayın olsa ki, rəqibi yoxdur və bu mövqenin tək inhisarçısıdır (monopolistidir), onda o, böyük ehtimalla inkişaf etməyəcək.
Bir çox mütəxəssisin fikrincə, yüksəliş rəqabətdə baş verir, inhisarda yox!
Vüqar MƏMMƏDOV