AFFA İntizam Komitəsi "Mingəçevir" komandasının baş məşqçisi Ramiz Məmmədovu cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna təcrübəli mütəxəssisin I Liqada VII turun “Şəfa” ilə ev oyununun 63-cü dəqiqəsində hakimin qərarına etiraz edərək, birbaşa qırmızı vərəqə alması səbəb olub.
Məmmədov növbəti 2 oyuna buraxılmayacaq, klubu isə 1 500 manat cərimə ödəyəcək.
Digər tərəfdən, “Mingəçevir” komandasının azarkeşləri hakimləri təhqir ediblər. Nəticədə klub daha 1 500 manat ziyana düşüb.
“Şəfa” isə 6 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 210 manat cərimələnib.
II Liqada çıxış edən "Ağdaş" komandasının baş məşqçisi Ruslan Hüseynov daha ağır cəzaya məruz qalıb. O, VIII turun “Xankəndi” ilə ev oyununun fasiləsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hüseynov 5 oyunluq cəzalanıb, “Ağdaş” isə 1 000 manat cərimə edilib.






































































