Azərbaycan millisinə qarşı bu gün keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup matçı İsladiya yığmasının futbolçusu Yohann Berq Qudmundsson üçün əlamətdar ola bilər.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı sağ cinah yarımmüdafiəçisi, şans veriləcəyi təqdirdə, millidə 100-cü matçına çıxacaq.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl Zəfra" klubunun formasını geyinən təcrübəli vinger indiyədək 99 oyunda iştirak edib və 8 qol vurub.
Qudmundsson ilk matçını da Azərbaycana qarşı keçirib. O, 20 avqust 2008-ci ildə Reykyavikdə keçirilmiş yoldaşlıq görüşündə start heyətdə meydançaya çıxıb, 58-ci dəqiqədə əvəzlənib.
Lakin islandiyalı yarımmüdafiəçi Azərbaycan millisinə sentyabrın 5-də 5:0 hesabı ilə qalib gəldikləri DÇ-2026-nın seçmə qrup matçında forma geyinməyib. O, sonuncu dəfə yığmada 19 noyabr 2024-cü ildə Uelsə qarşı çıxış edib, 45-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Yohann Berq Qudmundsson karyerası ərzində İslandiyanın "Breydablik", Niderlandın "AZ Alkmaar", İngiltərənin "Çarlton" və "Bernli", eləcə də Səudiyyə Ərəbistanının "Əl Oruba" komandalarının şərəfini qoruyub.










































































